×
A
A
A
Sazlamalar

1990-cı ildə Bakıda, 1991-ci ildə Riqada törədilmiş 20 Yanvar faciələrinə həsr olunan anım tədbiri təşkil edilib VİDEO

Riqa, 19 yanvar, AZƏRTAC
1990-cı ildə Bakıda, 1991-ci ildə Riqada törədilmiş 20 Yanvar faciələri ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyi və Riqada yerləşən Barrikada Muzeyinin təşkilatçılığı ilə birgə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkədə eyni gündə baş vermiş faciənin qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Latviya hökumətinin, ictimaiyyətin nümayəndələrinin və Azərbaycan icmasının tanınmış şəxslərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə hər iki şəhərdə törədilmiş Yanvar faciəsinə aid sənədli film nümayiş etdirilib.
Bakıda törədilmiş 20 Yanvar faciəsinin canlı şahidi olduğunu qeyd edən səfir Cavanşir Axundov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələrinin Azərbaycanda milli azadlıq hərəkatını boğmaq üçün Bakı şəhərinə yeridilərək dinc əhaliyə divan tutduğunu və yüzlərlə insanı qətlə yetirdiyini söyləyib. Hər iki ölkədə baş vermiş oxşar faciələri heç vaxt unudulmayacaq və yaddaşlara qanla yazılmış azadlıq günü kimi dəyərləndirən səfir Azərbaycan və latış xalqlarının iradəsi sayəsində tarixin dəyişdiyini vurğulayıb. Xüsusi qəddarlıqla törədilən bu cinayətin təfərrüatlarından bəhs edən səfir həlak olanlar arasında qadınlar, uşaqlar və qocaların da olduğunu bildirib. Tankların qarşısına əliyalın çıxan xalq əzmini nümayiş etdirib. Azərbaycan qadınları da ərlərindən, atalarından, oğullarından geri qalmadan ölüm mübarizəsinə qoşularaq şücaət göstərib. Lakin qabaqcadan hazırlanmış bu təcavüz aktı Azərbaycan xalqının demokratiya, milli azadlıq və ərazi bütövlüyü uğrunda əzmini qıra bilməyib.
Bir il sonra yanvarın 20-də eyni hadisənin Riqada baş verdiyini qeyd edən səfir xalqlarımızın bu zamana qədər sovet ideologiyasına əsaslanan yalan və saxtakarlıqlarla dolu bir cəmiyyətdə yaşadığına bir daha əmin olduğunu qeyd edib.
Azərbaycanda törədilən bu qanlı hadisəyə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyini vurğulayan diplomat deyib ki, faciədən bir gün sonra Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə pisləyərək Kommunist Partiyası sıralarından çıxdığını bəyan edib. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra isə Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Barrikada Muzeyinin direktoru Renars Zalais Azərbaycanda törədilmiş 20 Yanvar faciəsinin 1991-ci ildə Riqada baş verən hadisələrlə oxşarlıq təşkil etdiyini bildirib. 20 Yanvar tarixinin hər iki xalqı birləşdirdiyini qeyd edən direktor bu tarixin hər iki ölkədə azadlıq və demokratiyanın müdafiəsi naminə həlak olanların xatirəsinin anım günü olduğunu söyləyib.
Həmin gün Riqaya yeridilən sovet qoşun hissələrinin qabağını almaq üçün şəhərdə müxtəlif blok və barrikadaların qurulduğunu qeyd edən direktor bu barrikadaların qurulmasında həmin vaxt Riqada yaşayan çoxlu sayda azərbaycanlının da iştirak etdiyini deyib.
Latviya xalq hərəkatının 1990-1992-ci illərdəki rəhbəri, tanınmış ictimai-siyasi xadim Romualds Razuks çıxış edərək yaradılmış informasiya blokadası səbəbindən Azərbaycandakı hadisələrdən az məlumatlı olduqlarından müstəqilliyin belə faciəvi şəkildə əldə olunacağını təsəvvür etmədiklərini vurğulayıb. “Biz elə bilirdik ki, Moskva ilə danışıqlarda hər şeyi sülh yolu ilə həll edəcəyik. Lakin 1991-ci ilin Qanlı Yanvar günündən bir neçə ay əvvəl demokratiyanın sülhlə qazanılmayacağını anladıq”, - deyən sədr hər iki xalqın qanla əsas dəyərini - öz müqəddəratını həll etmək ixtiyarını qazandığını qeyd edib.
Latviya Prezidentinin etnik azlıqlar üzrə müşaviri Roman Əliyev də çıxış edərək ötən əsrin son onilliyində baş vermiş və tarixə Qara Yanvar kimi düşmüş həmin günü Azərbaycan və latış xalqlarının bənzər azadlıq mübarizəsi adlandırıb. Latış xalqı heç vaxt bu tarixi unutmayacaq, çünki məhz Bakı faciəsi onları müəyyən mənada xilas etdi. Bakıda baş vermiş qətliam bir ildən sonra Riqada təkrarlanıb. Riqanın "barrikada günləri" rəsmi Moskvaya bir daha sübut etdi ki, insanlar azadlıqları uğrunda sonadək gedəcəklər. "Mən 1990-cı ilin 20 Yanvar tarixini yaxşı xatırlayıram. Mən həmin gecə barədə latış dostlarıma informasiya verəndə onlar bu qəddarlıqdan dəhşətə gəlmişdilər. Biz, Latviya azərbaycanlıları barrikadalarda latış xalqı ilə birlikdə keşik çəkirdik, biz ayrılmaz idik. Biz bilirdik ki, Qara Yanvar şəhidləri qanını boşa axıtmayıblar. Bu gün xalqımız azadlıq uğrunda can verənlərin əziz xatirəsini yaşadır", - deyə o bildirib.
Sonra hər iki ölkədə baş vermiş faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.



Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Qan yaddaşı 2019-01-19 17:47:00

Video