×
A
A
A
Sazlamalar

Qan ağlayan gecə

Bakı, 18 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzi Kitabxana Sisteminin 1 saylı filialında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Qan ağlayan gecə” adlı sərgi təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər və qətllər insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Həmin gecə Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, insanlar daha sıx birləşdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bildi, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.

 

Mədəniyyət 2019-01-19 17:42:00