Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Lənkəran Dövlət Universitetində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Lənkəran, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Lənkəran Dövlət Universitetinin (LDU) müəllim və tələbələri şəhərin Şəhidlər xatirə kompleksini ziyarət edərək, abidə önünə tər qərənfillər düzüblər.
Anım tədbiri LDU-da davam etdirilib.
Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, 1990-cı ilin 20 Yanvar gecəsində baş verən qanlı hadisələri əks etdirilən videoçarxa baxıblar.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında 20 Yanvar tarixini faciə günü kimi yox, xalqın qanla yazılan qəhrəmanlıq salnaməsi, şərəf və milli oyanış tarixi kimi səciyyələndirib.
Anım tədbirində 20 Yanvar faciəsinin başvermə səbəbləri, həmin dövrdə dünyada və ölkə daxilindəki ictimai-siyasi vəziyyətlə bağlı məruzə və çıxışlar dinlənilib.

Regionlar 2019-01-19 17:32:00