×
A
A
A
Sazlamalar

Akademik Teymur Bünyadov xarici ölkələrdə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil edib

Bakı, 19 yanvar, AZƏRTAC

Teymur Bünyadov təkcə tarixçi-etnoqraf alim deyil, həm də folklorşünas, nasir və şairdir. Onun 1991-ci ildə yüksək tirajla nəşr edilən “Göz yaşları” romanı, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar” adlı üçcildlik bayatı kitabları oxucuların böyük sevgisi ilə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-si Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli akademik Teymur Bünyadovun doğum günüdür.
T.Bünyadov 1928-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil alıb.
Universiteti uğurla başa vuran T.Bünyadov SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına qəbul olunub, 1955-ci ildə məşhur qafqazşünas alim Y.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edib. Tarixşünaslıq baxımından böyük əhəmiyyət daşıyan dissertasiya işi bütün Qafqazda ilk dəfə qələmə alınan mövzudur.
O, 1968-ci ildə “Azərbaycanın qədim və orta əsrlərdə təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi alıb, 1970-ci ildə professor elmi adına layiq görülüb, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
1955-ci ildə AMEA-nın Tarix İnstitutunun arxeologiya şöbəsində elmi işçi kimi əmək fəaliyyətinə başlayan alim 1993-cü ildən bu günədək Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışır. Alim, həmçinin pedaqoji fəaliyyətlə məşğul olub. O, uzun illər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetində Azərbaycan tarixi, qədim dünya tarixi və arxeologiya fənlərindən mühazirələr oxuyub.
İctimai fəaliyyətlə də məşğul olan T.Bünyadov Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2000-ci illərdə) seçilib.
Alimin rəhbərliyi ilə 10 doktorluq, 35 namizədlik dissertasiyası müdafiə edilib. O, 856 elmi əsərin, o cümlədən 35 kitab və monoqrafiyanın, 821 elmi məqalənin müəllifidir.
T.Bünyadov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yüksək tirajla nəşr edilmiş “Azərbaycan etnoqrafiyası” üçcildliyinin baş redaktoru, həmin cildlərin ikisinin isə müəllifidir. Bu əsər Azərbaycanın elmi ictimaiyyəti tərəfindən yüksək hadisə kimi qiymətləndirilib. Onun rəhbərliyi və müəllifliyi ilə hazırlanmış “Qəbələ tarixi”, “Qəbələ folkloru” və “Qəbələ etnoqrafiyası” adlı üçcildlik kitablar rus və ingilis dillərinə tərcümə edilərək yüksək tirajla çap olunub. T.Bünyadov Moskvada çapa məsləhət görülən “Azərbaycanlılar” adlı irihəcmli əsərin müəlliflərindən biridir.
Akademikin bir sıra beynəlxalq elmi konfranslarda, o cümlədən 1960-cı ildə Moskvada şərqşünasların iyirmi beşinci beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və etnoqrafiya elmləri üzrə yeddinci beynəlxalq konqresdə, 1971-ci ildə Tbilisidə arxeoloq və etnoqrafların ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda birinci Millətlərarası Azərbaycan-türk dərnəkləri qurultayında, 2004-cü ildə Moskvada məşhur qafqazşünas alim Y.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə “Azərbaycanın xalça sənəti” mövzusunda beynəlxalq konfransda elmi məruzələri böyük maraqla qarşılanıb.
Alim Türkiyə, Rusiya, Gürcüstan, Norveç, İran, Ukrayna, Fransa və digər ölkələrdə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil edib.
Akademik T.Bünyadovun səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, 2008-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 2015-ci ildə isə AMEA-nın tarix üzrə Bakıxanov adına mükafatının ilk laureatı adına layiq görülüb. Dövlətimizin başçısının Sərəncamı ilə 2018-ci il yanvarın 18-də T.Bünyadov “Şərəf” ordeni ilə təltif olunub.

Elm və təhsil 2019-01-19 17:18:00