×
A
A
A
Sazlamalar

Azərbaycan xalqı 20 Yanvar hadisələrində azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi

Sumqayıt, 19 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Qubadlı rayonunun müəssisə, idarə və təşkilatlarında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu tədbirlərin yekunu olaraq, yanvarın 19–da Bəhmən Mehdiyev adına Qubadlı rayon şəhər 2 saylı tam orta məktəbdə rayon icra hakimiyyətinin, YAP Qubadlı rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə anım tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları xalqımızın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qubadlı rayon şəhər 1 saylı tam orta məktəbin müəllimi Ayna İsaqova çıxışında bildirib ki, Azərbaycanın tarixinə qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsidir, Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan 20 Yanvar hadisələrində yüzlərlə insan şəhid olub və yaralanıb.
Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq deyib: “Bu gün 20 Yanvar hadisələrini milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu”.
Sonda məktəblilərin ifasında hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunub.

Regionlar 2019-01-19 17:10:00