×
A
A
A
Sazlamalar

Pərvin Kərimzadə: Avropa Parlamentinin bu qərəzli addımı erməni lobbisinin təsiri altına düşən dairələrin növbəti oyunudur

Gəncə, 19 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Avropa Parlamentində Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası aparıldı. Müstəqil siyasət yürüdən Azərbaycanın inkişafına mane olmağa çalışan ermənipərəst qüvvələrin məkrli siyasəti nəticəsində ölkəmizin tərəqqisinin üzərinə kölgə salmaq, beynəlxalq imicinə zərbə vurmaq məqsədilə ədalətsiz, obyektivlikdən uzaq olan qərar qəbul edildi.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Avropa Parlamentində Azərbaycanla bağlı aparılan müzakirələr, qəbul olunan “qətnamə” erməni lobbisinin təsiri altına düşən parlamentarilərin növbəti oyunudur. Məqsəd isə aydındır: son illər iqtisadi və siyasi baxımdan güclənən, gündən-günə daha mütərəqqi bir dövlətə çevrilən və ən başlıcası, müstəqil siyasət yürüdən Azərbaycana mane olmaq, ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq.
P.Kərimzadə qeyd edib ki, ölkəmizin öz daxili imkanları hesabına regionda inkişafı, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması ermənipərəst dairələrin isti aşına soyuq su qatıb. Belə bir şəraitdə sabitlik adasına çevrilən Azərbaycanda hərc-mərclik, iğtişaş arzusunda olan qüvvələr Avropa Parlamentinin nümayəndələrini məkrli məqsədlərində alətə çevirdilər. Müzakirələr zamanı Azərbaycanla bağlı heç bir əsası olmayan şər, böhtan xarakterli sərsəm fikirlər səsləndirildi. Ölkəmizin inkişafını gözü götürməyənlərin məqsədi haqq-ədalət yox, Azərbaycanın inkişafını, müstəqil siyasət yürütməsini gözdən salmaq, diqqəti Qarabağ probleminin həlli məsələsindən yayındırmaqdır. Avropa Parlamentinin qəbul etdiyi qətnamə barədə ilk məlumat erməni mətbuatında işıqlandırıldı. Bu da erməni lobbisinin ölkəmizə qarşı apardığı məkrli siyasətin daha bir nümunəsi oldu.
“Avropa Parlamentinin üzvləri yaxşı olardı ki, Avropa “demokratiyası”nın Fransa nümunəsi olan “sarı jiletlilər”ə necə divan tutulmasını, onların sosial və iqtisadi xarakterli tələblərini gündəmə gətirəydilər. Tərəziyə Azərbaycanda adi bir bloqqerin fəaliyyəti ilə Fransada dünyanı çalxalayan “sarı jiletlilər” məsələsini qoysaq alınan nəticə Avropa Parlamentinin öz nüfuzuna xələl gətirir. Bir tərəfdə konkret bir şəxslə bağlı diqqət çəkməyən bir məsələni, digər tərəfdə isə Avropanın mərkəzində xalqın etirazının dayandığını aydın şəkildə görmək mümkündür. Ölkəmizin imicini zədələmək istəyənlərin istəyi bu dəfə də uğursuzluqla nəticələndi. Bu cür qarayaxma kampaniyaları Azərbaycanın gücünə, qüdrətinə xələl gətirə bilməz. Çünki beynəlxalq aləm xalq-iqtidar birliyinin nümunəsi olan Azərbaycanın inkişafını görür və yüksək dəyərləndirir. Azərbaycan xalqı isə öz dövlətinin və müstəqilliyinin qədrini bilir, ölkəmizdə sabitliyin, tərəqqi və inkişafın qarantı olan Prezident İlham Əliyevin yürütdüyü siyasi kursu dəstəkləyir, bu siyasətin həyatımıza hansı böyük uğurlar gətirdiyini, nə kimi yeniliklərə yol açdığını yaxşı bilir”, – deyə deputat qeyd edib

Siyasət 2019-01-19 17:04:00