×
A
A
A
Sazlamalar

Heydər Əliyev idarəetmə məktəbinin növbəti məşğələsi 20 Yanvar faciəsinə həsr olunub

İsmayıllı, 19 yanvar, AZƏRTAC 

İsmayıllıdakı Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev idarəetmə məktəbinin yanvarın 19-da növbəti məşğələsi keçirilib və məşğələ “20 Yanvar qan yaddaşımızdır” mövzusuna həsr olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə mərkəzin foyesində 20 Yanvar faciəsini əks etdirən sərgiyə baxıblar.
Məşğələni açan rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova faciənin səbəb və nəticələrindən danışıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar faciəsindən bəhs edən film göstərilib.
Daha sonra dövlət qulluğu veteranı Valeh Salehovun “20 Yanvar qan yaddaşımızdır” mövzusunda məruzəsi dinlənilib, 20 Yanvar əlili, Diyallı kənd sakini Əlizadə Səmədov, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, rayon polis şöbəsinin əməkdaşı Rahim Orucov və başqaları çıxış ediblər. Natiqlər o günlərin dəhşətlərindən, imperiya ordusunun əliyalın insanlara qarşı törətdiyi vəhşiliklərdən söz açıblar. Qeyd olunub ki, tarixi düşmənlərimiz olan ermənilər Rusiyanın havadarlığı ilə hər zaman Azərbaycana münasibətdə işğalçılıq siyasəti yeridib, müstəqilliyimizin və suverenliyimizin yolunda əngələ çevrilib. 20 Yanvar faciəsi də məhz bu məkrli siyasətin qanlı təzahürüdür.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məşğələdə çıxış edərək qeyd edib ki, dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet rejiminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlardan sıxışdırılıb çıxarılması ilə bağlı çar Rusiyanın əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.

Regionlar 2019-01-19 16:58:00