×
A
A
A
Sazlamalar

Daşkəsəndə 20 Yanvar faciəsinə həsr edilən “Ağrılı xatirələr” sənədli filmi nümayiş etdirilib

Daşkəsən, 19 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Daşkəsəndə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri şəhid məzarlarını ziyarət ediblər.
Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Anım mərasimi rayon icra hakimiyyətinin inzibati binasında ümumrayon yığıncağı ilə davam edib.
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, faciənin dəhşətlərini özündə əks etdirən “Ağrılı xatirələr” sənədli filmi nümayiş olunub.
Bildirilib ki, “SƏS” Media Qrupu tərəfindən hazırlanmış filmin ideya müəllifi Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevdir.
Daha sonra tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq iyirmi doqquz il ötür. Ötən illər ərzində xalqımız bu hadisəni unutmur, hər il şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxardı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.
Diqqətə çatdırıldı ki, o müdhiş günlərdə ulu öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidi ailələrinin, əlillərin, müharibə veteranlarının problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

Regionlar 2019-01-19 16:45:00