×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil şəbəkənin üzvləri ifşa edilib VİDEO

Bakı, 19 yanvar, AZƏRTAC

Qaradağ rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil şəbəkənin üzvləri rayon polis idarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı paytaxt sakini Ruslan Məlikov narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 1,027 qram heroin aşkarlanıb.
R.Məlikov ifadəsində narkotik vasitəni Nurlan adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq, Qaradağ rayon sakini Nurlan Məmmədyarov da polislər tərəfindən saxlanılıb. Həmin şəxsin yaşadığı evdən və yardımçı təsərrüfata baxış zamanı 1 kiloqram 279 qram heroin, 5,026 qram tiryək, 2 kiloqram 109 qram marixuana, həmçinin tüstü buraxan 6 paket və 2 əl qumbarası da aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri Elman və Nəzrin adlı şəxslərdən aldığını qeyd edəndən sonra onların da axtarışlarına başlanılıb.
Həyata keçirilən əməliyyat zamanı paytaxt sakinləri Nəzrin Fərzullazadə və Elman Əlverdiyev saxlanılıblar. N.Fəzrullazadənin Lökbatan qəsəbəsində yaşadığı evdən 1 kiloqram 627 qram heroin və 465 qram tiryək, E.Əlverdiyevin Xırdalan şəhərində yaşadığı evdən isə 230 qram heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onlar narkotik vasitələri tanımadıqları İran vətəndaşından Sumqayıtda yaşayan Vüsal adlı şəxsin vasitəsilə aldıqlarını bildiriblər.
İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq, narkotik vasitələrin satışı ilə məşğul olan Vüsal Əzizov da saxlanılaraq istintaq təqdim edilib.
V.Əzizov narkotik vasitələri bir müddət əvvəl tanış olduğu İran vətəndaşının köməyi ilə satmaq məqsədilə ölkə ərazisinə gətirdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Hadisə 2019-01-19 16:22:00

Video