×
A
A
A
Sazlamalar

“Mercedes-Benz” Misirə qayıdır

Qahirə, 19 yanvar, AZƏRTAC 

“Mercedes-Benz” alman avtomobil konserni özünün Misirdə fəaliyyətinin bərpası və avtomobillərin yığılması üzrə istehsala başladığını elan edib.
AZƏRTAC xəbər verir ki, Misir Prezidenti Dəftərxanasının rəsmi nümayəndəsi Bassam Radi “Mercedes”in Misirdə fəaliyyətinin bərpası barədə qərarını şərh edərək, bu qərarın ölkənin investisiya ab-havasına və onun kredit reytinqinə müsbət təsirini, həmçinin digər beynəlxalq şirkətlərə Misir iqtisadiyyatına sərmayə yatırmağa stimul verəcəyini bildirib. “Misirdə işləmək qərarı bütün dünyanın biznes dairələri üçün müsbət işarədir”, - deyə dövlət başçısının mətbuat katibi bildirib.
Onun sözlərinə görə, burada söhbət təkcə nəhəng şirkətin Misir bazarlarına qayıtmasından deyil, həmçinin gələcəkdə ölkəyə böyük investisiyaların cəlb ediləcəyindən gedir. B.Radi əlavə edib ki, Misir çox rəqabətli mövqe tutur və investisiyalar üçün cəlbedici ölkədir. Bu da “Mercedes” konsernini belə bir qərar qəbul etməyə sövq edir.
Bassam Radi “Mercedes” konserni rəhbərliyinin Misirin investisiya üçün cəlbedici və rəqabətqabiliyyətli ölkə olduğunu və bu səbəbdən də şirkətin Misirə qayıtmaq qərarını qəbul etməsi barədə bəyanatını xatırladıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2019-01-19 16:16:00