×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi ilə bağlı məlumatlar Heydər Əliyevin Moskvadakı çıxışından sonra dünya mətbuatında yayılmağa başladı

Bakı, 19 yanvar, AZƏRTAC

1980-ci illərin sonlarında Belçikada jurnalist kimi fəaliyyət göstərdiyim dövrdə Azərbaycanla bağlı araşdırmalar aparırdım. Azərbaycanda milli azadlıq hərəkatı başlayan vaxtlarda Bakıda “Vətən” cəmiyyəti fəaliyyət göstərirdi. Mən “Vətən” cəmiyyəti ilə əlaqə qurdum və “Odlar Yurdu” qəzetinə yazılar göndərməyə başladım. 1989-cu ildə belçikalı jurnalist kimi “Vətən” cəmiyyətinin dəvəti ilə Bakıya gəldim və Azərbaycan xalqının sovet hakimiyyətinə qarşı apardığı milli azadlıq mübarizəsinin şahidi oldum. SSRİ təhlükəsizlik xidməti əməkdaşlarının diqqətini çəkməmək üçün o zaman qaldığım otelin pəncərəsindən kamera vasitəsilə mitinqi çəkirdim. 1990-cı il yanvarın 19-dək Bakıda qaldım, sonra “Vətən” cəmiyyətinin üzvləri tərəfindən Rusiyaya yola salındım. Yanvarın 20-də səhər qanlı hadisənin törədildiyi xəbərini Moskvada aldım.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Belçika Azərbaycan Evinin sədri Bülent Gürcam bildirib.
Bülent Gürcam yanvarın 21-də ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək çıxış etdiyi zaman orada olduğunu bildirib. O, Ümummilli Liderin nümayəndəlikdəki çıxışını işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrini təmsil edən jurnalistlərin orada iştirak etdiklərini bildirib. Qeyd edib ki, Heydər Əliyev bu hadisəni törədən şəxsləri kəskin şəkildə qınadı. Ulu Öndər bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd hesab etdiyini xarici jurnalistlərin diqqətinə çatdırdı. Həmin vaxt fransız jurnalistlərin tərcüməçiliyini etdiyini deyən Bülent Gürcam qanlı hadisə ilə bağlı onda olan fotoları xarici mətbuata ötürdüyünü də bildirib. Vurğulayıb ki, 20 Yanvarla bağlı materialları SSRİ DTK-dan qorumaq üçün Belçika vətəndaşı kimi həmin ölkənin səfirliyinə sığınıb, oradan da Brüsselə gedib.
B.Gürcam bildirib ki, qanlı 20 Yanvar hadisəsi ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki çıxışından sonra Türkiyə mətbuatında ilk dəfə “Hürriyyət” qəzetində dərc olunub. Heydər Əliyevin həmin çıxışından sonra 20 Yanvar faciəsi ilə bağlı məlumatlar dünya mətbuatında yayılmağa başladı. Məhz bu hadisədən sonra xarici jurnalistlər hadisə ilə bağlı araşdırmalara başladılar.

20 yanvar 2019-01-19 16:13:00