×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi milli istiqlal tariximizin qəhrəmanlıq səhifəsidir

Gəncə, 19 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin rektoru, professor Yusif Yusibov tədbirdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına dəhşətli faciə yaşatdığını diqqətə çatdırıb.
O, bu hadisənin Azərbaycan tarixinin qanlı, eyni zamanda, ən şanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edib ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin arasında digər xalqların nümayəndələri də olub. Bu isə bir daha sübut edir ki, Vətənin suverenliyi və bölünməzliyi uğrunda Azərbaycan xalqı həmişə həmrəy olub, birlik nümayiş etdirib. 20 Yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
Azərbaycan xalqının ən çətin günlərində xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında imperiyanın və Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa edib. Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə siyasi-hüquqi qiymət verilib.
Rektor bu gün 20 Yanvar şəhidlərinin ailələrinə göstərilən diqqət və qayğıdan da ətraflı söz açıb.
Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı qanlı gecənin dəhşətlərindən danışaraq bildirib ki, bu hadisə xalqımızı qorxutmadı, əksinə, sovet imperiyasına qarşı nifrəti daha da artırdı. Həmin hadisələr Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirilmişdi. O dəhşətli gecədə həlak olan Vətən oğulları tariximizə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Azərbaycan tarixi kafedrasının baş müəllimi Elminaz Namazova qeyd edib ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq istəyini əlindən ala bilmədi. 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu deyən müəllim bu cür hadisələrdən ibrət götürərək müstəqilliyimizi qorumağın bizim üçün müqəddəs məqsəd olduğunu vurğulayıb.
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev isə bildirib ki, həmin gecə Azərbaycan xalqı sovet ordusunun qarşısında əliyalın qəhrəmanlıq göstərdi. Buna görə biz böyük qürur hissi keçiririk. O, Şəhidlər xiyabanında təkcə müsəlmanların yox, eyni zamanda, xristian və yəhudi dinlərinin nümayəndələrinin də uyuduğunu qeyd edərək, bu yerin bütün Azərbaycan üçün müqəddəs olduğunu diqqətə çatdırıb.
Sonda çıxış edənlər bir daha şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər. Qeyd ediblər ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

Regionlar 2019-01-19 16:10:00