×
A
A
A
Sazlamalar

Gəncədə 20 Yanvar şəhidi Valeri Boqdanovun ailəsi ziyarət olunub

Gəncə, 19 yanvar, Rauf Hacıyev, AZƏRTAC

20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində gəncəli şəhid Valeri Boqdanovun ailəsi ziyarət olunub.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının İctimai siyasi və humanitar məsələlər üzrə müavini Vəfa Abbasova, Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayev, Kəpəz Rayon Bələdiyyəsinin sədri Yaşar Abdullayev və “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük Daşımaları üzrə qərb bölgəsinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Valeri Boqdanovun keçdiyi ömür yoluna nəzər salınıb.
Bildirilib ki, Valeri Zakir oğlu Boqdanov 1958-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Boqdanovlar ailəsinin yeganə oğlan övladı olan Valeri Rostov Dəmiryolu Universitetini bitirdikdən sonra Gəncədə dəmiryolu sahəsində çalışıb. Valeri sonralar Bakıda Milli Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Xəzər sahillərində ölkəmizin sərhədlərini qoruyarkən qəhrəmancasına şəhid olub.
İcra hakimiyyəti başçısının müavini Vəfa Abbasova bildirib ki, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq çox böyük şərəfdir. Valeri Boqdanov da bu şərəfə nail olan çoxsaylı vətən oğullarından biridir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini əziz tutmaq, yaşatmaq isə hər birimizin vətəndaşlıq borcudur.
Şəhidin anası Valentina Boqdanova gələn qonaqlara öz minnətdarlığını bildirib, hər zaman sülh və əmin-amanlığın olmasını, qanlı hadisələrin bir daha təkrarlanmamasını arzu edib.

 

Regionlar 2019-01-19 15:52:00