×
A
A
A
Sazlamalar

Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir

Bakı, 19 yanvar, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (282 vəzifə) növünə aid olan 308 vakant vəzifənin tutulması üçün yanvarın 4-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 19-na olan məlumata əsasən, müsahibədə iştirak etmək üçün ümumilikdə 566 nəfər qeydiyyatdan keçib. Onlardan 564-ü dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifələrin, 2-si isə A növünə aid olan vəzifələrin (inzibati rəhbər vəzifələr) tutulması üçün müraciət edib.
Qeydiyyat fevralın 4-dək aparılacaq. Namizədlər saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 yanvar tarixli Fərmanına əsasən nazirliyin strukturuna daxil olan bir çox qurumlar ləğv edilib. Bununla əlaqədar dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elanı çərçivəsində Dövlət Ekspertiza İdarəsi, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi, Meşələrin İnkişafı Departamenti, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti və Ətraf Mühitin Mühafizəsi Departamenti üzrə vakant vəzifələrə qeydiyyat dayandırılıb və həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı ləğv edilib. Ləğv edilmiş dövlət qurumları üzrə qeydiyyatdan keçmiş şəxslər müvafiq elan çərçivəsində digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Elm və təhsil 2019-01-19 15:17:00