×
A
A
A
Sazlamalar

Gəncədə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha geniş inteqrasiyası müzakirə edilib

Gəncə, 19 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasını müzakirə etmək məqsədilə müvafiq yerli hökumət orqanları, biznes strukturları və vətəndaş cəmiyyəti təsisatları nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Layihə Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avratlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunur.
Tədbiri açan layihənin rəhbəri, Gəncə Avratlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov bildirib ki, əlilliyi olan şəxslər ölkəmizdə ən həssas qruplardan birini təşkil edir. Bu səbəbdən əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası dövlətimizin sosial siyasətinin əsas prioritet sahələrindən biridir.
Daha sonra Mehman Xəlilov sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha geniş inteqrasiyasının və sosial inklüzivliyinin artırılması ilə bağlı biznes strukturlarının və vətəndaş cəmiyyəti təsisatlarının müvafiq fəaliyyətlərinin bu sahəyə əlavə dəyər gətirdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin Gəncə regional şöbəsinin ağırlıqqaldırma üzrə baş məşqçisi Natiq Əliyev Gəncə regionundan olan sağlamlıq imkanları məhdud insanların idman sahəsində əldə etdiyi uğurlara bu sahəyə müvafiq hökumət strukturları tərəfindən göstərilən böyük diqqət və qayğı nəticəsində nail olunduğunu bildirib. Eyni zamanda, Natiq Əliyev sağlamlıq imkanları məhdud uşaqların fiziki sağlamlığının yaxşılaşdırılması və idmana cəlb edilmələri ilə bağlı vətəndaş cəmiyyəti təsisatlarının da dəstəyini vurğulayıb.
Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin əlaqələndiricisi Rəzalə Abbasova çıxış edərək bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə teatr nümayişi, idman oyunları, bayram şənlikləri və digər tədbirlərin həyata keçirilməsində Gəncə Şəhər İcra Hakimiyyəti, biznes strukturları, Kəpəz bələdiyyəsi və digər təşkilatların böyük köməyi olub. Rəzalə Abbasova bu cür tədbirlərin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha geniş inteqrasiyasına əlavə bir stimul olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra tədbirdə iştirak edən müvafiq yerli hökumət orqanları, biznes strukturları və vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha geniş inteqrasiyası və sosial inklüzivliyinin artırılması ilə bağlı öz fikirlərini söyləyib, bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Sonda iştirakçılar tərəfindən tədbirin ümumi qiymətləndirilməsi və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha geniş inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.

Regionlar 2019-01-19 15:10:00