×
A
A
A
Sazlamalar

Bali adasına gələn əcnəbi turistlərdən əlavə vergi alınacaq

Tokio, 19 yanvar, AZƏRTAC 

İndoneziyanın Bali adasının hakimiyyət orqanları buraya gələn əcnəbi turistlərdən 10 ABŞ dolları məbləğində əlavə vergi almağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Straits Times” nəşri yerli administrasiyaya istinadla məlumat yayıb.
Bildirilir ki, turistlərdən alınacaq vergi ətraf mühitin və Bali mədəniyyətinin qorunmasına sərf olunacaq. Adada plastik tullantılar problemi xüsusilə özünü ciddi şəkildə göstərir.
Hazırda verginin hansı formada toplanmasının yolları müzakirə edilir. Çox güman ki, məsələ onun ya təyyarə biletinə əlavə edilməsi, ya da aeroportdakı piştaxtalarda toplanması yolu ilə həll olunacaq.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-01-19 15:06:00