×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin ildönümü Daşkənddə də qeyd edilib

Daşkənd, 19 yanvar, АZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 20 Yanvar faciəsi ilə bağlı keçirilən tədbirdə səfirliyimizin əməkdaşları, yerli azərbaycanlılar, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar AMM-in foyesində “İstiqlaliyyətə gedən yol” adlı kitab və rəsm sərgisi təşkil olunub. Mədəniyyət Mərkəzinin nəzdindəki rəsm dərnəyinin üzvləri qəhrəmanlıq və vətənpərvərlik rəmzi günü olan 20 Yanvara dair düşüncələrini rəsmlərdə təqdim ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar tarixinin yalnız faciə kimi deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günü olduğunu deyib. O, istiqlal tariximizdə şanlı səhifə yaradan şəhidlərin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu qeyd edərək, şəhidlərin Vətən üçün tökdükləri qanın hədər getmədiyini, ölkəmizin öz müstəqilliyinə qovuşduğunu söyləyib.
Çıxış edən digər natiqlər “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, azərbaycanlı alim Almaz Məcidova, Əməkdar müəllim Şərqiyyə Şıxəliyeva və başqaları bu hadisələr zamanı uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz azadlıq səsini ucaltdığını, dövlətimizin suverenliyi, Vətən torpaqları üçün cəsarət nümayiş etdirdiyini bildiriblər. Onlar 20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqının ictimai şüurunda, azadlıq ideyalarında ciddi dəyişikliklərin baş verdiyini vurğulayıb, müstəqillik mübarizəsinin dönüş nöqtəsi olan o dəhşətli günlərdə xalqın bir yumruq kimi vahid bir ideya ətrafında birləşdiyini qeyd ediblər.
Mərkəzin Azərbaycan dili kurslarının şagirdləri 20 Yanvar, Vətən məhəbbəti, şəhidlər haqqında şeirlər söyləyib, şəhidlərə həsr olunmuş rekviem təqdim edilib.
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının hazırladığı bədii proqram nümayiş etdirilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

20 yanvar 2019-01-19 14:59:00