Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında elmi konfrans keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar elmi konfrans keçirilib. Konfransda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. O, faciənin xalqımızın yaddaşına əbədi həkk olunduğunu, eyni zamanda, tariximizə qürur, qəhrəmanlıq günü kimi yazıldığını qeyd edib.
Urxan Ələkbərov faciənin ertəsi günü ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış etdiyini, Bakıda törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırdığını, baş verənlərə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini xatırladıb. O vurğulayıb ki, Ulu Öndər siyasi hakimiyyətə qayıdışından sonra şəhidlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarixi Ümumxalq Hüzn Günü elan edib, hadisəyə siyasi və hüquqi qiymət verilib. Rektor vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir.
Konfransda çıxış edən Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyasının dosenti Aydın Mirzəzadə, akademiyanın siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova bildiriblər ki, bu faciə xalqımızın tarixinə qanla yazılmış səhifələrdən biridir. Bununla bərabər, o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, milli azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil olub. 20 Yanvar hadisələri zamanı göstərilən qəhrəmanlıq, şücaət, xalqın birliyi hamıya örnəkdir.
Çıxış edənlər 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib, bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirəsinin xalqımız tərəfindən hər zaman yaşadılacağını bildiriblər.

20 yanvar 2019-01-19 14:55:00