×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd edilib

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları BDU-nun həyətindəki “Şəhidlər” abidəsinin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən danışıb. Qeyd edilib ki, o müdhiş gecədə günahsız insanların qanı axıdılıb, azadlıq yolunda Vətən övladları canlarını qurban veriblər.
F.Qurbanov 20 Yanvar hadisələri ilə əlaqədar ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında bəyanatla çıxış etdiyini və günahsız insanlara qarşı törədilən bu amansız qətliama qarşı kəskin etirazını bildirdiyini, cinayətkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini diqqətə çatdırıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
20 Yanvarın tariximizin qanlı, həm də şanlı səhifəsi olduğunu deyən F.Qurbanov bu hadisənin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu söyləyib. Bu gün müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini deyən F.Qurbanov ölkəmizdə qazanılan nailiyyətlərin ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
BDU-nun kafedra müdiri, akademik Vasim Məmmədəliyev, şəhid, Milli Qəhrəman Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov və universitetin tələbəsi Vəfa Mürsəlzadə şəhidlərin xatirəsinin könüllərdə əbədi yaşayacağını vurğulayıb, şəhid ailələrinə, əlillərə dövlətin diqqət və qayğısından bəhs ediblər.

Elm və təhsil 2019-01-19 14:51:00