×
A
A
A
Sazlamalar

Naxçıvanda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Naxçıvan, 19 yanvar, AZƏRTAC
20 Yanvar Azərbaycan tarixinə faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib. Əvvəlcə incəsənət fakültəsinin sərgi salonunda 20 Yanvar faciəsi qurbanlarına həsr edilmiş 30-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış keçirilib.
Fakültənin akt zalında davam edən tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları faciənin dəhşətlərini özündə əks etdirən videoçarxı izləyiblər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulanıb ki, Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra həmin hadisələrə siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda yanvarın 20-si Ümumxalq Hüzn Günü elan edilib. Rektor bu faciənin mahiyyətinin gənc nəslə çatdırılması ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini bildirib.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Arzu Abdullayev 29 il bundan əvvəl yanvar ayının 19-dan 20-nə keçən gecə qırmızı imperiyanın “Qızıl ordu”su tərəfindən günahsız insanların gülləbaran edildiyini, 147 mülki vətəndaşın öldürüldüyünü, yüzlərlə insanın isə yaralandığını qeyd edib. Bildirilib ki, Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adı əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk edilib.
Sonda tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.

X X X

“Naxçıvan” Universitetində “20 Yanvar faciəsi tariximizin şanlı səhifəsidir” mövzusunda keçirilən tədbirin iştirakçıları əvvəlcə universitetin tədris korpusunun foyesində 20 Yanvar hadisələrini əks etdirən fotolara, qəzet və jurnallara baxıblar.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək bildirib ki, 1990-cı il yanvar ayının 20-si Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gün ən müasir silahlarla silahlanmış sovet ordusunun birləşmələri Azərbaycanın paytaxtı Bakı şəhərinə girərək xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törətdi. Lakin xalq öz azadlıq mübarizəsindən geri dönmədi. Həmin vaxt xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəyə kəskin münasibətini bildirdi.
“Sovet imperiyasının bu qanlı aksiyanı törətməkdə məqsədi xalqımızın mübarizə əzmini qıraraq onun müstəqillik arzusunu boğmaq idi. Amma imperiya öz çirkin məqsədinə çata bilmədi”, – deyən rektor vurğulayıb ki, xalqımız daha da mübariz oldu və öz müstəqillik ideyalarını gerçəkləşdirdi.
Tədbirdə tələbələr şəhidlərə həsr olunmuş şeirlər söyləyib, 20 Yanvar faciəsi ilə bağlı slayd nümayiş etdirilib.

X X X

Qanlı Yanvar günlərində xalqını tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, ovaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərib.
Bu barədə AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan “20 Yanvar – azadlığımızın və iradəmizin simvolu” mövzusunda keçirilən elmi konfransda danışılıb.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Azərbaycan xalqına qarşı sovet imperiyasına rəhbərlik edən ermənipərəst quldurların əvvəlcədən hazırlanıb planlı şəkildə həyata keçirdiyi 1990-cı ilin 20 Yanvar faciəsinin başvermə səbəblərindən danışıb.
Vurğulanıb ki, 20 Yanvar hadisəsi xalqımızın Vətənə, torpağa sədaqətini, azadlıq, müstəqillik uğrunda mübarizəsini bütün dünyaya göstərən tariximizin şərəfli bir səhifəsi, qəhrəmanlıq salnaməsidir.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, dosent Zeynəb Quliyeva, həmin institutun şöbə müdirləri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, dosent Toğrul Xəlilov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova çıxış ediblər. Çıxışlarda 20 Yanvar faciəsini törədənlərin məkrli siyasətindən, şəhidlərimizin adlarının əbədiləşdirilməsi və bu gün onların ailə üzvlərinə göstərilən dövlət qayğısından söz açılıb.
Konfransda 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə yaşanan dəhşətli hadisələrin görüntüləri nümayiş olunub.

Regionlar 2019-01-19 12:06:00