×
A
A
A
Sazlamalar

Quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Polis əməkdaşları Xırdalan şəhəri ərazisində quldurluq hadisəsi törətməkdə şübhəli bilinən iki şəxsi saxlayaraq məsuliyyətə cəlb ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 11-də saat 8 radələrində Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gəlmiş iki maskalı şəxsin orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından qaçıb aradan çıxmaları barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Cinayət Axtarışı və Abşeron Rayon Polis İdarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum edilmiş Tural Qarayev və Məhəmməd Mirzəyev olduqları müəyyən edilib.
Faktla bağlı istintaq və əməliyyat tədbirləri aparılır.

Hadisə 2019-01-19 12:02:00