×
A
A
A
Sazlamalar

Yaponiya ictimaiyyəti 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırılıb

Tokio, 19 yanvar, AZƏRTAC
Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar sosial şəbəkələrdə yapon dilində məlumatlar yayıb.
Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, məlumatın yayılmasında əsas məqsəd yapon ictimaiyyətini 29 il əvvəl sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi cinayət barədə obyektiv məlumatlandırmaqdır.
Məlumatda qeyd edilir ki, həmin vaxt Azərbaycan paytaxtında və rayonlarda baş vermiş faciəvi hadisələr həm də qəhrəmanlıq səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olub. Bu hadisələr faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin unudulmaz səhifəsidir.
Bildirilir ki, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, buna demokratik yollarla nail olmaq istəyən, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Həmin vaxt Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartı”ndan məharətlə istifadə edib.
Sovet rəhbərliyinin cinayətkar siyasətinin mahiyyətini faciə zamanı həlak olanlar barədə məlumatlar da təsdiq edir. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda və rayonlarda həyata keçirdikləri qırğınlarda 147 nəfər öldürülüb, 744 insan yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulub, həkimlər qətlə yetirilib.
Vurğulanır ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Məhz Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.
Məlumatda qeyd edilir ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
Bildirilir ki, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı salnaməsinə çevrilib. Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli birliyimizin rəmzi kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacaq.
Məlumatda faciənin əks olunduğu fotolara da geniş yer verilib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

20 yanvar 2019-01-19 11:55:00