Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada anılıb VİDEO

Sofiya, 19 yanvar, AZƏRTAC

Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilib.
Anım mərasimində Bolqarıstan Müsəlmanları İslam Şurasının sədri, Bolqarıstan Müsəlmanlar Diyanəti Baş Müftiliyinin təmsilçisi, Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, həmvətənlərimiz, tələbələr və “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimi açan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Azərbaycan xalqının tarixinə qanla yazılmış 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il ötdüyünü söyləyib. O vurğulayıb ki, 20 Yanvar faciəsi tarixə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız insanların qəddarcasına qətlə yetirilməsi, hərbi təcavüz və cinayətə məruz qalması, eyni zamanda, bir xalqın milli azadlığı və müstəqilliyi uğrunda mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə yüksəlməsi kimi daxil olub.
Sovet rejimi hərb maşınının istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan Azərbaycan xalqının iradəsini qırmaq, demokratiya tələblərini boğmaq üçün 1990-cı il yanvarın 20-də qabaqcadan hazırlanmış təcavüzkarlıq aktını həyata keçirərək ağır cinayət törətdiyi bildirən N.Qurbanova faciənin ötən əsr ərzində xalqımıza qarşı yürüdülmüş məkrli siyasətin növbəti təzahürü olduğunu qeyd edib. Səfir vurğulayıb ki, sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başlatdığı əsassız ərazi iddiaları, 250 mindən çox soydaşımızın Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması, onlara qarşı repressiya və etnik dözümsüzlük, Azərbaycanı parçalamaq və torpaqlarını zəbt etmək təşəbbüsləri bu siyasətin digər təzahürü olub.
Diplomat 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələrinin Bakı şəhəri və Azərbaycanın bir neçə rayonuna yeridildiyini qeyd edərək xüsusi təyinatlı dəstə və daxili qoşunların iri kontingentinin qəddarlıqla Bakını zəbt etdiyini diqqətə çatdırıb. Günahsız insanların gülləbaran edilməsi əməliyyatının SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin xüsusi təyinatlıları və Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunduğunu xatırladan səfir ozamankı SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, sovet rəhbərliyinin Bakıda “erməni kartı”ndan məharətlə istifadə etdiyini, onları və hərbi qulluqçuların ailələrini qorumaq, millətçi ekstremistlər tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq bəhanəsi ilə silahlı dəstələri şəhərə yeritdiyini qeyd edib. Əlavə olunub ki, SSRİ DTK-sının “Alfa” qrupu yanvarın 19-da respublika televiziyasının enerji blokunu partladıb, digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılıb və beləliklə, xalq məlumat almaq hüququndan məhrum edilib. Bu “cəza” tədbirinin şüurlu surətdə planlaşdırıldığını və vəhşicəsinə həyata keçirildiyini, hətta fövqəladə vəziyyətin tətbiqinin əhaliyə elan olunanadək 82 nəfərin amansızcasına qətlə yetirildiyini, 20 nəfərin isə ölümcül yaralandığını qeyd edən səfir 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşının şəhid olduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin isə qanunsuz həbs edildiyini bildirib. Əməliyyat zamanı nəinki mülki şəxslərin öldürüldüyünü, evlər və ictimai yerlərin atəşə tutulduğunu, hətta təcili yardım maşınlarının tankların altına salınıb əzildiyini və yaralılara yardım göstərən tibb işçilərinin güllələndiyini xatırladan səfir planlaşdırılmış bu cinayət əməliyyatını həyata keçirmək üçün keçmiş SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və başqa yüksəkrütbəli hərbçilərin Bakıya gəldiklərini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra Azərbaycan xalqının igid övladlarının əsl fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərərək milli ideallar uğrunda birləşdiyi və sovet hərbçilərinin təcavüzünə qətiyyətlə sinə gərdiyi vurğulanıb və həmin qəhrəmanlıqlardan dənizçilərimizin mübarizliyi barədə danışılıb. 20 Yanvar hadisələrdən dərhal sonra Xəzər gəmiçiliyinin 124 gəmisinin Bakı buxtasına yollanaraq dinc əhalinin öldürülməsinə etiraz etdiyini və “Sabit Orucov” gəmisində gələcək addımların əlaqələndirilməsi üçün 7 kapitandan ibarət olan fövqəladə komitənin yaradıldığını qeyd edən diplomat həmin dövrdə hərbi gəmilərin hərəkətlərinə müqavimət göstərməyə çalışan gəmilərin intensiv atəşə tutulduğunu və silahsız “Vodoley” mülki gəmisinin güllələrdən deşik-deşik edildiyini söyləyib. O əlavə edib ki, bütün bunlar “SOS” siqnalı göndərmək qərarına gəlmiş kapitanları sındırmamış və onlar hər 30 dəqiqədən bir “Diqqət! Bakı yanır”, “Diqqət! Mən Bakıyam, məni yandırırlar!” “SOS” siqnalı ilə baş verən hadisələrlə bağlı məlumatları dünyaya çatdırıblar.
Çıxışı zamanı diplomat bu qanlı terror aktına ilk etirazın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən olunduğunu vurğulayaraq Ulu Öndərin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdiyini, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham etdiyini bildirib. N.Qurbanova əlavə edib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi məhz Ümummilli Liderimizin təşəbbüsü ilə baş tutub.
Səfir Azərbaycanın sınağa çəkildiyi 20 Yanvar hadisələri ilə xalqımızın iradəsinin sındırılmasına çalışılsa da, azadlıq eşqimizin sönmədiyini, igid oğul və qızlarımızın mübarizliyi və qanı hesabına tariximizdə yeni və şanlı bir səhifənin açıldığını, qısa zaman sonra isə azadlıq və müstəqillik həsrətinə son qoyulduğunu qeyd edib.
Mərasimdə Azərbaycan müstəqilliyinin həqiqətə çevrilməsi naminə canlarını fəda etmiş soydaşlarımızın şücaətini əks etdirən və 29 il bundan öncə çəkilmiş real kadrların istifadə olunduğu sənədli film nümayiş etdirilib.
Tədbirin sonunda 20 Yanvar gecəsində canlarını qurban vermiş soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

20 yanvar 2019-01-19 11:54:00

Video