Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qanlı Yanvar hadisələrində 11 nəfər lənkəranlı şəhid olub

Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Lənkəran, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən iyirmi doqquz il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qanlı Yanvar faciəsinin ildönümündə Lənkəranda şəhidlərin xatirəsi ehtiramla anılıb. Yanvarın 19-da səhər saatlarından başlayaraq minlərlə rayon sakini şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək 20 Yanvar qurbanlarının xatirəsini yad edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər Xatirə Kompleksinin önünə gül-çiçək dəstələri düzüblər.
Mərasimdə qeyd olunub ki, Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar hadisələrində Sovet İttifaqı ordusunun vəhşiliyi nəticəsində yüzdən çox insan qətlə yetirilib, 700-dən çoxu isə yaralanıb. Qətlə yetirilənlər və yaralananlar arasında qadınlar və uşaqlar da vardı.
Diqqətə çatdırılıb ki, 1990-cı ilin Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 nəfər lənkəranlı şəhid olub. Onlardan 5-i Bakıda, 6-sı Lənkəran rayonunun Haftoni qəsəbəsində sovet ordusunun cəza dəstəsi ilə qeyri-bərabər döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə möhtəşəm abidə kompleksi ucaldılıb, şəhərin küçələrinə onların adları verilib, məzarları ətrafında abadlıq-bərpa işləri görülüb.

Regionlar 2019-01-19 11:47:00