×
A
A
A
Sazlamalar

Qanlı Yanvar faciəsinin 29-cu ildönümü Rabatda da qeyd edilib

Rabat, 19 yanvar, AZƏRTAC

Azərbaycanın Mərakeşdəki səfirinin iqamətgahında ölkəmizin diaspor nümayəndələrinin, Mərakeş-Azərbaycan Dostluq qrupunun üzvlərinin, keçmiş SSRİ-nin ali məktəblərinin mərakeşli məzunlarının, yerli ictimai-siyasi xadimlərin, Mərakeşdə akkreditə olunmuş səfirlərin və diplomatik korpus nümayəndələrinin və 20 Yanvar hadisələrinin Mərakeşdən olan canlı şahidlərinin iştirakı ilə Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qanlı Yanvar hadisəsinin Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edən səfir Oktay Qurbanov xalqımıza qarşı törədilən bu qanlı cinayətdən danışıb. Bu faciəyə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirən diplomat deyib: “Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək bu hadisənin hüquqa, demokratiyaya, insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirib, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyib, sovet hakimiyyətinin qanlı siyasətini ifşa edib”.
Sovet ordusunun hücumunun nəticələrinə toxunan səfiri insanlığa qarşı törədilmiş cinayətdə qocalar, uşaqlar və qadınlar da daxil olmaqla, 147 nəfərin şəhid olduğunu, 700-dən çox insanın yaralandığını, 800-dən çox insanın əsassız olaraq həbs edildiyini diqqətə çatdırıb.
Oktay Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində ardıcıl işin aparıldığını qeyd edib.
Səfir hər bir azərbaycanlıda qürur hissini oyadan 20 Yanvarın heç vaxt unudulmayacağını, xalqımızı daha da birləşdirən bu faciənin gənc nəsillər tərəfindən hər zaman anılacağını, Qanlı Yanvarın Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını təcəssüm etdirdiyini bildirib.
Tədbirdə çıxış edən Mərakeş-Azərbaycan Dostluq qrupunun baş katibi Məhəmməd Faqiri Azərbaycan xalqına qarşı törədilən ağır və unudulmaz cinayətin Mərakeş ictimaiyyəti tərəfindən pislənildiyini vurğulayıb, 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya informasiya məkanında bu faciənin əsl həqiqətlərinin üzə çıxarılması üçün öz səylərinin əsirgəməyəcəyini söyləyib.
Daha sonra 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alan mərakeşlilər, faciənin canlı şahidləri Məhəmməd Reşo və Rəşid Hərrat öz xatirələrindən danışıblar.
Rəşid Hərrat Azərbaycan xalqının başına gətirilən müsibətlər barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə həmin dövrdə Bakıda təhsil alan xarici tələbələr tərəfindən beynəlxalq təşkilatlara müraciətin ünvanlandığını bildirib. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizənin şahidi olduğu üçün qürur hissi keçirdiyini ifadə edən Rəşid Hərrat öz çıxışının sonunda faciənin yaşatdığı acını ifadə edən şeirini səsləndirib.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Tədbir iştirakçıları broşür və kitablarla tanış olublar.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat 

20 yanvar 2019-01-19 11:25:00