Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Malayziyada 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbirlər davam edir

Kuala Lumpur, 19 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbirlər Malayziyada davam edir. AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində Malayziyada fəaliyyət göstərən İƏT Beynəlxalq Biznes Mərkəzi (OIC International Business Centre) tərəfindən nəşr olunan “OIC Today” jurnalında “Azərbaycan tarixinin faciəli və qəhrəmanlıq səhifəsi” başlıqlı geniş məqalə dərc edilib.
Məqalədə 29 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələrin yalnız faciə yox, həm də xalqımızın tarixinin şərəfli səhifələrindən biri və Azərbaycanda sovet hakimiyyətinə son qoyan bir qığılcım olduğu qeyd olunub. Faciənin səbəb və nəticələrindən bəhs edən məqalədə 1980-ci illərin sonlarında SSRİ-də cərəyan edən hadisələrə və Azərbaycana qarşı ermənilərin əsassız ərazi iddialarına sovet rəhbərliyi tərəfindən verilən dəstəyə etiraz əlaməti olaraq xalqımızın haqq səsini ucaltmaq üçün meydanlara axışdığı, buna cavab olaraq sovet rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı amansız qətliam törədildiyi bildirilir.
Ümummilli lider Heydər Əliyevin hadisələrdən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən bu tarixi cinayəti törədənləri ifşa etməsindən və məhz onun təşəbbüsü ilə 1994-cü ildə qanlı yanvar hadisələrinə ilk dəfə tam siyasi-hüquqi qiymət verilməsindən bəhs olunur.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olan 20 Yanvar hadisələrinin, eyni zamanda, bütün dünya azərbaycanlılarının yaddaşına xalqımıza qarşı törədilmiş ən qəddar və qeyri-insani cinayətlərdən biri kimi həkk edildiyi vurğulanır.
Azərbaycanın Malayziyadakı səfirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumatda qeyd edilir ki, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər çərçivəsində, Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) faciənin 29-cu ildönümü ilə bağlı bəyanatları Malayziya Xarici İşlər Nazirliyinə və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə təqdim edilib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

Qan yaddaşı 2019-01-19 08:50:00