×
A
A
A
Sazlamalar

SOCAR-ın Gürcüstan nümayəndəliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Tbilisi, 19 yanvar, AZƏRTAC
Yanvarın 18-də SOCAR-ın Gürcüstan Nümayəndəliyinin Tbilisidəki baş ofisində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqan, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan parlamentinin deputatları, gürcü və azərbaycanlı ziyalılar və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə nümayəndəlikdə Gürcüstanın Əməkdar jurnalisti Şahvələd Eyvazovun 20 Yanvar hadisələrini əks etdirən fotolarından ibarət sərgiyə baxıblar.
Səfir Dursun Həsənov tədbiri açdıqdan sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
D.Həsənov çıxışında 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib, həmin dövrdə baş verən prosesləri təhlil edib.
Bildirib ki, artıq iflasa uğradığını dərk edən sovet imperiyası xalqların azadlıq uğrundakı mübarizə əzmini qırmaqla öz hakimiyyətini qoruyub saxlamağa çalışırdı. SSRİ rəhbərliyinin milli siyasət sahəsində buraxdığı kobud səhvlər bir çox respublikalarda ağır faciələrə gətirib çıxarmışdır. Almatıda, Tbilisidə, Bakıda, Baltikyanı respublikalarda baş vermiş hadisələr mərkəzin imperiya siyasətinin nəticəsidir.
Səfir diqqətə çatdırıb ki, keçmiş SSRİ məkanında azadlıq mücadiləsinin ən kəskin meydanlardan biri Azərbaycan olub. Moskva bunu duyan kimi müxtəlif vasitələrlə xalqımızı susdurmağa çalışıb. 20 Yanvar hadisələri Azərbaycan xalqının imperiyaya qarşı mübarizəsinin qanlı zirvəsi olub. Bu, eyni zamanda, bizim fəxarət və şərəf tariximizin parlaq səhifəsidir. 20 Yanvar şəhidlərinin əbədi uyuduğu məkan bizim üçün müqəddəs and yeridir.
D.Həsənov o vaxtkı Azərbaycanın rəhbərliyinin biganəliyini, qorxaqlığı səbəbindən 20 Yanvar hadisələrinə vaxtında hüquqi, siyasi qiymət verilmədiyini xüsusi qeyd edib. Bildirib ki, məhz ulu öndər Heydər Əliyev bütün təqib və təhdidlərə baxmayaraq özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq yanvarın 21-də Moskvada kəskin bəyanatla çıxış edib, Qanlı Yanvar hadisələrini hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd olduğunu bəyan edib.
Diplomat bildirib ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu hadisəyə siyasi qiymət verilib.
SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxışında deyib ki, əslində azərbaycanlılara qarşı təqib və təzyiqlər hələ 1980-ci illərin ortalarında başlayıb.
1985-ci ildə Qorbaçovun təşəbbüsü ilə başlayan yenidənqurma 1989-cu ildə SSRİ-nin dağılması prosesini ancaq sürətləndirdi.
Baltikyanı ölkələrdə, Gürcüstanda, Azərbaycanda, Qazaxıstanda imperiya ordusunun törətdiyi vəhşiliklər xalqlarının azadlıq istəyinin, müstəqillik uğrunda apardıqları mübarizənin qarşısını ala bilmədi.
Müqəddəratının öz əllərində olmasını istəyən Azərbaycan xalqı da, təbii ki, azadlıq, müstəqillik uğrunda mübarizədə öndə gedənlərdən idi. Xalqımızın müstəqil gələcəyindən vahiməyə düşən imperiya qüvvələri buna qətiyyən razı ola bilməzdilər. Ona görə də bir tərəfdən mənfur qonşuların məkrli niyyətlərinin həyata keçməsinə rəvac verən, şovinist ambisiyalarından əl çəkmək istəməyən qüvvələr, başqa bir tərəfdən nəyin bahasına olursa-olsun, respublikada hakimiyyəti ələ keçirmək, yüksək mənsəbə çatmaq niyyətində olan ayrı-ayrı qruplar ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalışırdılar. Artıq faciə ilə üzbəüz dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Bu da bəşər tarixində yeni bir qəhrəmanlıq nümunəsi oldu.
O, Azərbaycan xalqının şəhidlərini dərin hörmət və böyük hüznlə yad etdiyini vurğulayıb: “Azərbaycan xalqı və gənc nəsil müstəqillik uğrunda mübarizənin mahiyyətini anlayır. Müstəqillik uğrunda şəhid olanların qanı yerdə qalmayıb və bu gün müstəqil və inkişaf edən Azərbaycan buna sübutdur. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaq”.
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxışında Azərbaycan xalqının tarixin müxtəlif dövrlərində qətliamlara məruz qaldığını xatırladıb. Bildirib ki, faciə qurbanlarının, ölkələrimizin müstəqilliyi uğurunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
“Şəhidlərin qarşısında bir borcumuz var: “Bu da ərazi bütövlüyünün bərpası və müstəqilliyi sona qədər qoruyub saxlamaqdır. Türkiyə bu mübarizədə hər zaman Azərbaycanın yanındadır” – deyə, F.C.Yazqan vurğulayıb.
Gürcüstan parlamentinin deputatı Giorgi Mosidze də çıxışında deyib ki, Gürcüstanda 9 Aprel 1989-cu il, Azərbaycanda isə 20 Yanvar 1990-cı il, əslində, xalqın birliyi və yeni milli şüurun yaranması tarixləri olub. Qətlə yetirilən insanlar bugünkü Azərbaycan uğrunda şəhid olublar. Bu gün Azərbaycan inkişaf edir, ölkədə mötəbər idman və digər dünya əhəmiyyətli tədbirlər keçirilir. O, Azərbaycanın bundan sonra da daha da inkişaf edəcəyinə əminliyini bildirib və bu yolda dost və qardaş xalqa uğurlar arzulayıb.
Politoloq Tengiz Txilava Azərbaycan və Gürcüstanın müstəqillik uğrunda mübarizədə oxşar talelər yaşadıqlarını bildirib, Bakıda 20 Yanvar və Tbilisidə 9 Aprel faciələrini törədən cinayətkarların bu günə kimi cəzasız qalmalarını təəssüf hissi ilə qeyd edib.
Professor Sarlian Zadelaşvili çıxışında vurğulayıb ki, Azərbaycanda və Gürcüstanda qanlı faciələr törətmiş cinayətkarlar çirkin niyyətlərinə çata bilməyiblər. Əksinə, Azərbaycan və Gürcüstan müstəqilliyə nail olublar.
O bildirib ki, bu gün Azərbaycanın və Gürcüstanın əraziləri işğal olunub. Dünya ictimaiyyəti dərk edir ki, Dağlıq Qarabağ Azərbaycanın, Abxaziya və Tsxinvali Gürcüstanın əbədi və əzəli torpaqlarıdır. Biz bu torpaqlarımızı işğaldan azad etdikdən sonra daha böyük sürətlə inkişaf edəcəyik.
Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Mərasimin sonunda ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna dualar oxunub.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Qan yaddaşı 2019-01-19 00:08:00