×
A
A
A
Sazlamalar

20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq öz mübarizliyini bütün dünyaya nümayiş etdirdi

Bakı, 18 yanvar, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunub, ölkəmizin müstəqilliyi və suverenliyinin simvoluna çevrilib. Çünki həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq öz mübarizliyini, əyilməzliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirib.
Tədbirdə vurğulanıb ki, 20 Yanvar faciəsindən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından sərt bəyanat verərək Sovet İttifaqının rəhbərliyini cinayətdə ittiham edib. Məhz ulu öndər Heydər Əliyevin ölkəmizin siyasi rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanıb. Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi Prezident İlham Əliyev tərəfindən əziz tutulur, dövlət tərəfindən şəhid ailələrinə diqqət və qayğı göstərilir.
Yazıçı-publisist, Əməkdar jurnalist, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər 20 Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüb. Diqqətə çatdırıb ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalqa qarşı sovet hərbi qoşununun yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə səbəb olub. O, 1990-cı ilin Yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söyləyib.
Daha sonra “Qanla yazılan tarix” adlı sənədli film nümayiş etdirilib.
Dövlət Xidmətində 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi hazırlanıb.
Həmçinin Xidmətin yerli idarə, şöbə və bölmələrində də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.

20 yanvar 2019-01-18 22:33:00