×
A
A
A
Sazlamalar

Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanında anım tədbiri təşkil olunub

Ər-Riyad, 18 yanvar, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin 29-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Şahin Abdullayev 1990-cı ilin 20 yanvarında sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və Azərbaycanın azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında məlumat verib. Səfir bildirib ki, 1985-ci ildə SSRİ-yə rəhbərlik etmiş M.Qorbaçov Dağlıq Qarabağı Azərbaycandan ayırmaq və “böyük Ermənistan” qurmaq xəyalı ilə yaşayan erməni şovinistlərinə dəstək göstərib. Diplomat Dağlıq Qarabağ ətrafında 1988-ci ildə cərəyan edən hadisələrin, yürüdülən ayrı-seçkilik siyasətinin xalqımızın etirazına səbəb olduğunu diqqətə çatdırıb.
Səfir qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələrək burada jurnalistlər qarşısında keçirdiyi mətbuat konfransında M.Qorbaçovun həyata keçirdiyi məkrli siyasətin ağır fəsadlarını açıqlayıb. Ulu Öndərimiz ifşaedici faktlar əsasında 20 Yanvar faciəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırıb.
Rəsmi hissədən sonra iştirakçılar Qanlı Yanvar hadisələri ilə bağlı qısametrajlı filmə baxıblar.
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin bəyanatı Səudiyyə Ərəbistanı, Bəhreyn və Oman Xarici İşlər nazirliklərinə, o cümlədən Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına göndərilib.
Faciənin 29-cu ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində səfir Şahin Abdullayevin ingilis və ərəb dillərində məqaləsi dərc olunub.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad

20 yanvar 2019-01-18 22:03:00