×
A
A
A
Sazlamalar

20 Yanvar hadisələri Azərbaycan xalqını düşmənə qarşı barışmaz mövqe tutmağa yönəltdi

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 20 Yanvar hadisələrinin 29-cu ildönümü qeyd edilib. Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov “Tarixin qanlı və şanlı səhifəsi” mövzusunda məruzə ilə çıxış edib. Hadisələri xronoloji ardıcıllıqla yada salan direktor müavini Bakıda törədilən qətliamın sovet imperiyası tərəfindən düşünülərək, əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, xalqın azadlığını əlindən almağa, iradəsini qırmağa yönəlmiş qanlı hadisələr əksinə olaraq, Azərbaycan xalqının milli hisslərini oyatdı, onu bir amal uğrunda yekdil olmağa, düşmənə qarşı barışmaz mövqe tutmağa yönəltdi.
Coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev çıxışında 20 Yanvar hadisələrinin öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu, azadlıq üçün ölümündən qorxmadığını nümayiş etdirdiyini, müstəqilliyə doğru irəliləyişimizin əsası olduğunu diqqətə çatdırıb.
20 Yanvar hadisələri ilə bağlı çıxış edən institut əməkdaşları bu cinayətin heç zaman unudulmayacağını və xalqımızın şəhid olan mərd oğulları ilə fəxr etdiklərini vurğulayıblar.

Elm və təhsil 2019-01-18 21:15:00