×
A
A
A
Sazlamalar

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Komitənin rəhbərliyi və kollektivi, Milli Məclisin deputatlarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin, Milli Məclisinin deputatları Məlahət İbrahimqızı və Qənirə Paşayevanın çıxışları dinlənilib.
Bildirilib ki, Azərbaycan xalqının böyük qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 29 il ötür. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri tərəfindən Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş qətliam nəticəsində 147 nəfər şəhid olub, 700-dən çox insan yaralanıb və xəsarət alıb. O dövrdə 20 Yanvar hadisələri, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər barədə dünya ictimaiyyətinə düzgün məlumatın verilməsi xüsusi əhəmiyyətli bir məsələ idi. Qara Yanvar hadisələrindən sonra məhz ümummilli lider Heydər Əliyevin cəsarətli addımları sayəsində, Sovet İttifaqı rəhbərlərinin hadisənin əsl mahiyyətinin dünya birliyindən gizlədilməsi cəhdlərinin qarşısı alınıb. Qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyev böyük fədakarlıq nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verib, dinc insanlara qarşı təcavüzə kəskin etirazını bildirib, qətliamın təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. Sonrakı illərdə də Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə bu qanlı hadisəyə düzgün hüquqi-siyasi qiymət verilib, insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi dünya ictimaiyyəti tərəfindən qəbul edilib.
Qeyd edilib ki, 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən etibarən bugünədək hər il Qanlı Yanvar hadisələri ölkəmizdə çox yüksək səviyyədə yad edilir. Hər il Prezident İlham Əliyevin tapşırığı ilə xüsusi tədbirlər planı həyata keçirilir. Bu qanlı, eyni zamanda, qəhrəmanlıq rəmzi olan tarixdən 29 il keçsə də 20 Yanvar faciəsi istər respublikamızda, istərsə də xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən hər il hörmət və ehtiramla anılır.
Diqqətə çatdırılıb ki, Ulu Öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə edib. 20 Yanvar hadisələrində şəhid olmuş və sağlamlığını itirən əlillərin sosial müdafiəsi hər zaman dövlət başçısının diqqətindədir, həyata keçirilən dövlət siyasətinin önəmli bir hissəsidir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həlli aidiyyəti dövlət qurumları qarşısında mühüm vəzifələrdən biri kimi qoyulub. Ölkəmizdə bu istiqamətdə böyük layihələr həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
Bildirilib ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Həmin gecə sovet qoşunları tərəfindən Bakıda törədilmiş bu qanlı cinayət, mülki vətəndaşların kütləvi qırğını Dağlıq Qarabağ ətrafında baş verən hadisələrə etiraz edərək küçə və meydanlara axışan Azərbaycan xalqının azadlıq uğrunda mübarizədə sarsılmaz iradəsinin rəmzinə çevrilib. 20 Yanvar tariximizə hüzn, lakin, eyni zamanda, bir şərəf günü kimi yazılıb. Zaman keçir və gənc nəsil nümayəndələri bu hadisələr barədə faktlarla tanış olduqca Azərbaycanın müstəqillik tarixi, şərəfli keçmişi ilə qürurlanır, insanlığa düşmən əməlləri ilə yadda qalmış böyük bir imperiyanın güclü ordusuna qarşı çıxmış qəhrəmanları ehtiram və böyük hörmətlə yad edir.
Qeyd olunub ki, bütün təzyiqlərə və faciələrə baxmayaraq, heç bir qüvvə xalqımızın azadlıq arzularını, dövlətçilik ənənələrini məhv edə bilməyib. Azərbaycan müstəqilliyini bərqərar etdikdən sonra sürətlə inkişaf etdi və regionun qabaqcıl ölkələrindən birinə çevrilib. Ölkəmizin müstəqilliyi uğrunda mübarizəli yola birincilər sırasında çıxanlar, həyatlarını qurban vermiş – şəhid olmuş soydaşlarımız idi.
Sonda İctimai Televiziya tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinə həsr edilən “Zamanın sınaq yolu” adlı filmi nümayiş olunub.

20 yanvar 2019-01-18 20:57:00