×
A
A
A
Sazlamalar

Misir ictimaiyyəti 20 Yanvar faciəsi barədə məlumatlandırılıb

Qahirə, 18 yanvar, AZƏRTAC

Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Misir mətbuatında işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Misirin elfagr.com, shbabalnil.com, asiaelyoum.com, embassy-news.com, wwnewss.com, elwatanelmasry.com, m.ahwalelbald.com və digər saytlarında “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Qara Yanvarda Azərbaycanın azadlığı uğrunda qurbanlar” sərlövhəli məqaləsi yayılıb.
Müəllif 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verir. Qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.
Məqalədə vurğulanır ki, 29 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə qətlə yetirilib. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.
Diaspor rəhbəri Azərbaycan xalqına qarşı yürüdülən bu ikili standart siyasətinin misirli alim Şeyx Məhəmməd əl-Ğəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında da öz əksini tapdığını bildirir.
Məqalədə 20 Yanvar hadisələri zamanı misirli deputatların və ölkə mətbuatının Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi pisləməsi xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirilir.
S.Nəsirov məqalənin sonunda insanlığa qarşı törədilmiş bu vəhşiliklərə dünya birliyinin hələ də göz yumduğunu vurğulayır. Qeyd edir ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacaqları günü gözləyir.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

20 yanvar 2019-01-18 20:24:00