×
A
A
A
Sazlamalar

20 Yanvar hər bir azərbaycanlı üçün qürur mənbəyidir

Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 20 Yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat verib. Xalq və rəhbər birliyinin də lazımi səviyyədə olmamasının baş verən hadisələrin miqyasını daha da artırdığını vurğulayan sədr, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzü insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi qiymətləndirib.
M.Abbaszadə qeyd edib ki, 20 Yanvar hadisələri XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
DİM Direktorlar Şurasının sədr müavini Namiq Babayev bu günün Azərbaycan tarixində, xalqımızın azadlıq mübarizəsində xüsusi mərhələ olduğunu vurğulayıb. Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsindən danışan sədr müavini o zaman ümummilli lider Heydər Əliyevin bütün çətinliklərə rəğmən 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsinin və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etməsinin tarixi əhəmiyyətini vurğulayıb, bu dəhşətli faciənin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini qeyd edib.
Tədbirdə 20 Yanvar qırğınının səbəbləri, sovet qoşunlarının müxtəlif istiqamətlərdən şəhərə daxil olması, törədilən cinayətlər, hadisələrin xronologiyası, günahkarları və görülmüş tədbirlərə həsr olunan film də nümayiş etdirilib.
DİM-in aparıcı məsləhətçisi Sərxan Ağayev gənc tarixçi kimi, 20 Yanvar faciəsinin törədilməsinin səbəbləri və nəticələri barədə məlumat verib. “Şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar”, - deyə Sərxan Ağayev bildirib.
Çıxış edənlər 20 Yanvarın xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi olduğunu söyləyib və 20 Yanvarın hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu bildiriblər.

Elm və təhsil 2019-01-18 20:45:00