×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi: İnsanlığa qarşı törədilmiş cinayət

Bakı, 18 yanvar, AZƏRTAC

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov Azərbaycan xalqının 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadığını deyib. Bildirib ki, həmin gecə Azərbaycan xalqı sınağa çəkilib, oğul və qızlarımız müstəqillik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucalıblar.
F.İsmayılov ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildiyini deyib: “Bakının ən hündür hissəsində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm "Əbədi məşəl" abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilib”.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qan yaddaşımız olan 20 Yanvar faciəsinin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilən məkrli siyasətin tərkib hissələrindən biri olduğunu bildirib. İllər ötdükcə baş verən hadisənin mahiyyətinin daha aydın şəkildə nəzərə çarpdığını söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş ittifaq rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb: “Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa, müstəqilliyə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi”.
O diqqətə çatdırıb ki, hadisələrin səhəri günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirən ümummilli lider Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan edib, qanlı faciəni pisləyib, günahsız adamların qanlarının axıdılmasını insanlığa qarşı törədilmiş xəyanət adlandırıb: "Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra verilib”.
Vurğulanıb ki, 20 Yanvar şəhidləri Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlə bugünkü gənclərimizə örnəkdirlər və xalqımız əmindir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.
Çıxış edənlər bildiriblər ki, tariximizə qanla yazılmış 20 Yanvar hadisələrindən 29 il keçsə də, xalqımız bu faciəni unutmur və heç vaxt unutmayacaq.

20 yanvar 2019-01-18 20:28:00