×
A
A
A
Sazlamalar

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Bakı, 18 yanvar, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş olunub.
Komitə sədri Fuad Muradov yanvarın 19-dan 20-nə keçən Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı geniş məlumat verərək bildirib ki, Azərbaycan xalqı müstəqillik uğrunda fədakarlıq nümayiş etdirib. Baş vermiş hadisələr humanizmə və insanlığa qarşı cinayətdir. Vurğulayıb ki, hadisədən dərhal sonra yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciə ilə bağlı bəyanatla çıxış edib, o zaman hələ hakimiyyətdə olan kommunistlərə, onların rəhbərinə öz etirazını bildirib. O cümlədən hadisələrə siyasi qiymətin də məhz Ulu Öndər tərəfindən 1994-cü ildə verildiyi qeyd olunub. Dövlət Komitəsinin sədri deyib ki, Prezident İlham Əliyev faciə qurbanlarına, onların ailə üzvlərinə, əlillərə daim diqqət və qayğı göstərir.
Həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə qayğının göstərilməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi qeyd edilib.
Dövlət Komitəsinin sədri 20 Yanvar hadisələri ilə bağlı diaspor təşkilatlarının da fəal şəkildə tədbirlər keçirməsi, həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində müvafiq ərazi şöbələrinə tövsiyələrini bildirib.
Daha sonra çıxış edənlər Yanvar faciəsi ilə bağlı təəssüratlarını bölüşüblər.

20 yanvar 2019-01-18 20:04:00