×
A
A
A
Sazlamalar

Ankarada TürkPA-nın meşələrin təbii sərvətlərinin qorunmasına dair seminarı keçiriləcək

Bakı, 18 yanvar, AZƏRTAC

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkdilli Ölkələrin Parlament Assambleyasının “Meşələrin təbii sərvətlərinin qorunması və təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: qanunvericilik və təcrübə” mövzusuna həsr olunmuş seminarında iştirak etmək üçün yanvarın 21-dən Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.
Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Əhliman Əmiraslanovun moderatorluğu ilə onun rəhbərlik etdiyi TürkPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasında keçiriləcək “Meşələrin təbii sərvətlərinin qorunması: qanunvericilik və təcrübə” adlı sessiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan iştirakçılar tərəfindən mövzu ilə bağlı təqdimatlar ediləcək, geniş fikir mübadiləsi aparılacaq. Seminar çərçivəsində, həmçinin “Təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: qanunvericilik və təcrübə” adlı sessiya da keçiriləcək.
Səfər zamanı nümayəndə heyətlərinin Türkiyədə fəaliyyət göstərən aidiyyəti qurumlarla tanışlığı da nəzərdə tutulub.
Qeyd olunan tədbirlərdə ölkəmizin yuxarıda adı çəkilən sahələr üzrə mütəxəssislərdən ibarət ekspert qrupu da iştirak edəcək.
Səfər yanvarın 24-də başa çatacaq.

Cəmiyyət 2019-01-18 19:54:00