×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd edilib.
Əvvəlcə ölkəmizin azadlığı və suverenliyi naminə canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə 20 Yanvar hadisələrinin ağır nəticələrindən danışıb. Qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şərəfli tarixidir. Həmin gün xalqımızın yaddaşına sovet-kommunist rejiminin Azərbaycanda milli azadlıq hərəkatını boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi gün kimi həkk olunub. 20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından keçməyə hazır olduğunu bir daha sübut edib. Buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Bu tarixi faciə ədəbiyyatda, təsviri sənətdə, memarlıqda, kinoda, teatrda, eləcə də musiqidə öz təcəssümünü tapıb.
İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Xəzər Zeynalov “20 Yanvar təsviri sənətdə” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, 20 Yanvar faciəsi xalqımızın mədəniyyətində və incəsənətində öz əksini tapıb. Təsviri sənətdə, o cümlədən heykəltəraşlıq, rəssamlıq, memarlıq, teatr-kino və həmçinin musiqi sahəsində 20 Yanvar hadisələri haqqında bədii əsərlər yaradılıb.
Mərasimdə digər çıxış edənlər 20 Yanvar hadisələrinin şahidi kimi öz acı xatirələrini bölüşüblər. Qeyd olunub ki, 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzidir. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.

Elm və təhsil 2019-01-18 19:29:00