×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Kimyəvi Silahların Qadağan olunması Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (KSQT) baş direktoru Fernando Arias ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, baş direktor F.Arias Azərbaycan və Təşkilat arasında mövcud əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. Bildirib ki, tərəflər arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin müntəzəm təşkili bu əməkdaşlığın keyfiyyət etibarilə yeni səviyyəyə qaldırılmasına xidmət edəcək.
Görüşdə Azərbaycanın KSQT İcraiyyə Şurasında davam edən üzvlüyündən irəli gələn aktual məsələlər, 2019-cu ildə Azərbaycanın Təşkilat çərçivəsində “Qoşulmama Hərəkatı və Çin” qrupuna sədrliyə başlaması və bu mövzuda atılacaq birgə addımlar, KSQT-nin laboratoriyasının Kimya və Texnologiyalar üzrə Mərkəzə çevrilməsi prosesinə Azərbaycanın mümkün töhfəsi məsələləri müzakirə edilib.

Siyasət 2019-01-18 18:59:00