×
A
A
A
Sazlamalar

20 Yanvar: tariximizin qanlı və şanlı səhifəsi

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib, şəhidlərin xatirəsi anılıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin şöbə müdiri, professor Ədalət Axundov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında qanlı qırğınlar törətdiyini qeyd edən Ə.Axundov o müdhiş gecənin heç vaxt yaddan çıxmayacağını vurğulayıb.
Alim azadlıq və müstəqillik uğrunda canlarından keçən şəhidlərin xatirəsinin daim uca tutulduğunu diqqətə çatdırıb.
Şöbə müdirləri, professor Həmidulla Aslanov, dosent Əli Babayev, aparıcı elmi işçi Telman Qasımov və digər çıxış edənlər də 20 Yanvarın tariximizin qanlı və şanlı səhifəsi olduğunu bildiriblər. Qeyd edilib ki, 20 Yanvar xalqımızı öz azadlıq, müstəqillik ideyalarından döndərməyin mümkün olmadığını bir daha nümayiş etdirib.
Tədbirdə institutun aspirantı olmuş, şəhid Yusif Sadıqovun fədakarlığı məhəbbətlə xatırlanıb.

Elm və təhsil 2019-01-18 18:33:00