×
A
A
A
Sazlamalar

Ombudsman 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlısilsilə tədbirlər təşkil edib

Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Ombudsman Aparatında, regional və resurs mərkəzlərində silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, Aparatda keçirilən anım tədbirində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Ombudsmanın 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Bəyanatı diqqətə çatdırılıb. Vurğulanıb ki, Bəyanat BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, qaçqınlar üzrə ali komissarına, İnsan Hüquqları Şurasına, UNICEF-ə, UNESCO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdində müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində, həmçinin Müvəkkilin Ahılların Resurs Mərkəzində də 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.
Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Samux rayonu 3 saylı orta məktəbdə, Daşkəsən rayonu 2 saylı məktəbdə, Gəncə şəhər Gənclər Evində, Şəki Regional Mərkəzi tərəfindən Zaqatala rayonu Car kəndində, Şəki rayonu Turan qəsəbəsində, Qax rayonu Kötüklü kəndində, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran şəhər O.Mirzəyev adına Qarışıq tipli uşaq evində, Lənkəran rayonu Girdəni Bələdiyyəsində və Şağlaser kənd tam orta məktəbində, Cəlilabad şəhərindəki 8 saylı tam orta məktəbdə, Tibb Kollecində və Musiqi-İncəsənət Məktəbində, Astara rayonu Artuba kənd tam orta məktəbində, Quba Regional Mərkəzi tərəfindən isə Quba şəhər 3 saylı və 7 saylı məktəblərdə, Xaçmaz və Qusar rayonlarında belə silsilə tədbirlər keçirilir.

20 yanvar 2019-01-18 18:34:00