×
A
A
A
Sazlamalar

Milli Arxiv İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Milli Arxiv İdarəsində “20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Arxiv İdarəsinin rəhbərliyi və əməkdaşları, eləcə də respublika dövlət arxivlərinin rəhbərləri iştirak ediblər. Əvvəlcə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutlu yad olunub.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov 20 Yanvar hadisələrinin xalqımızın tarixində oynadığı roldan danışaraq, qanlı hadisələrə aparan tarixi şərait, o dövrkü sovet hökumətinin yarıtmaz fəaliyyəti haqqında məlumat verib.
Digər çıxış edən natiqlər qeyd ediblər ki, dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider olub. Ümummilli lider Heydər Əliyevin bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etməsi, burada Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsini qaldırması bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Vurğulanıb ki, faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqləyib. Qəhrəman xalq həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut edib.
Sonda 20 Yanvarın Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğu bir daha vurğulanıb.

20 yanvar 2019-01-18 18:28:00