×
A
A
A
Sazlamalar

Azərbaycanda ilk dəfə: gənc startapçı “Xilaskar bilərzik” ixtirası üzərində işləyir

Bakı, 18 yanvar, Həsrət Mahmudova, AZƏRTAC

Təəssüf ki, insanların ölümünə bəzən təcili tibbi yardım xidmətlərinə, həkimə gec müraciət edilməsi halları da səbəb olur. Hər il bu səbəbdən neçə-neçə insan dünyasını dəyişir. Azərbaycanlı tələbə Nərgiz Əliyeva bu problemin aradan qaldırılmasına töhfə vermək məqsədilə yeni layihə üzərində işləyir. Onun üzərində çalışdığı və xəstənin səhhətini müəyyən edərək sahə həkiminə məlumat ötürə bilən bilərzik (“Savior bracelet”) bir çox insanın həyatının xilas olunmasına böyük töhfə verə bilər.
Gənc ixtiraçı AZƏRTAC-a müsahibəsində startap layihəsi barədə məlumat verərək deyib: “Bu bilərzik daxilindəki nəbzölçən cihazın və maqnitomerin köməyi ilə qanın tərkibindəki dəmirin səviyyəsini ölçərək xəstənin halının dəyişməsini müəyyən edir. Sonra da dərhal həmin informasiyanı xəstənin yaxınlarının, sahə həkiminin, təcili tibbi yardım işçisinin mobil cihazına əvvəlcədən yüklənmiş müvafiq proqramlar vasitəsilə göndərir. Beləliklə, həkim xəstənin yanına vaxtında yetişərək, onun həyatı üçün yaranan riski aradan qaldıra biləcək. Təbii ki, bilərzik GPRS moduluna və ya WI-FI şəbəkəsinə qoşulmuş vəziyyətdə çalışa bilər”.
“Savior bracelet” ideyasının yaranması barədə danışan gənc startapçı deyib: “Rəfiqəmin nənəsi insult keçirmişdi. Ona vaxtında ilkin tibbi yardım göstərmək mümkün olmadı. Bu hadisə mənə pis təsir etdi. Düşündüm ki, nə qədər belə xəstə var. Heç olmasa, onların həyatını qurtarmaq üçün bir iş görməliyəm. Zənnimcə, bu bilərzik xilaskar rolunu oynaya bilər”.
Onun sözlərinə görə, dünyada buna bənzər cihazlar olsa da, “Savior bracelet” sırf bu məqsədlə yaradılmış yeganə bilərzikdir. “Savior bracelet”in bənzəri olan cihazların qiyməti çox bahadır. Hesablamalara görə, bu bilərziyin qiyməti isə ucuz - təxminən 30-40 manat olacaq. Cihaz su keçirməyən və qırılmayan materialdan hazırlanır. O, nəbzölçən mikrosxemdən və GPS-dən ibarətdir. Burada əsas məsələ mobil telefona proqramın yazılmasıdır. Həmin proqramın üzərində də azərbaycanlı gənclər işləyirlər. Proqramın hazırlanması təxminən 500-600 dollara başa gəlir. Yekun qiymət bilərzik və proqram tam hazır olduqdan sonra bilinəcək. Bunun üçün isə investisiyaya ehtiyac var”.
N.Əliyeva bildirib ki, xaricdə istehsal olunan müxtəlif məhsul və avadanlığın qiyməti baha olduğundan hər kəs onları almaq imkanına malik deyil. Bu baxımdan yalnız tibbi məqsəd üçün hazırlanan “Savior bracelet” ön plana keçir. Əlavə funksiyaları olmadığı üçün bu bilərziyin dünyada məşhur brendlərin məhsullarına bənzərliyi də yoxdur. “Savior bracelet” ürək və şəkər xəstəliklərindən, qan təzyiqindən əziyyət çəkən şəxslər, xüsusilə yaşlı insanlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Savior bracelet” layihəsi 2018-ci ildə Bakıda keçirilən beynəlxalq humanitar forumda nümayiş olunub və böyük maraq doğurub. Bu layihə “Bakutel-2018 sərgisində də nümayiş etdirilib. Hazırda prototip halında olan layihənin applikasiyası üzərində iş gedir. Nərgiz Əliyevaya bu işdə dizayner Aysel Eynalzadə və proqramçı Yusif Kazımlı kömək edir.
Nərgiz Əliyeva 1998-ci ildə Bakıda anadan olub. O, orta təhsilini 160 saylı klassik gimnaziyada alıb. Hazırda Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompüter elmləri ixtisasının üçüncü kurs tələbəsidir.

Sosial 2019-01-18 18:18:00