×
A
A
A
Sazlamalar

İrina Qolovina: Azərbaycanın paytaxtına səyahət ürəyimdə dərin iz buraxdı

Moskva, 18 yanvar, AZƏRTAC

“Nezavisimaya qazeta”da NATO Moskvadakı İnformasiya Bürosunun KİV-lərlə əlaqələr üzrə müşaviri İrina Qolovinanın məqaləsi dərc olunub. AZƏRTAC xəbər verir ki, müəllif məqalədə Bakıya səfərinin təəssüratlarını bölüşür.
Səyahət etmək üçün artıq gecə reyslərindən istifadə edəcəyini vurğulayan İrina Qolovina yazır: “Yaddaşıma 2017-ci ilin iyununda - ilin ən qısa gecəsinin sabahında Bakıda məni qarşılayan dan yerinin ağarması mənzərəsi həkk olunub. Azərbaycanın paytaxtına bu səyahətim ürəyimdə dərin iz buraxdı. Bir az əvvəl illüminatorda almazlar bərq vuran (onları hələ tapmaq lazım idi) məxməri zülmət gecə görünürdü, mən də gülərüz qonşumla ordan-burdan danışırdım: “Bakıya ilk dəfə gəlirsiniz? Onda sizə maraqlı kəşflər arzu edirəm?“. İndi isə yüngül və yığcam çamadan məndən yarım addım geridə sərnişinləri qəbul edən zalın yumşaq xalçası üzərindən sürətlə gedir, mən də gedə-gedə “Uber” sifariş edirəm, bayıra çıxan kimi köks dolusu nəfəs alıb ədviyyat və şirniyyat ətri gələn havanı ciyərlərimə çəkirəm və birdən başımın üstündə od tutub yanan səmanı görürəm. Belə bir mənzərəni təsəvvürünüzə gətirin: bənövşəyi fonda al və tünd çəhrayı xallar, qızılı kölgələr, rənglər və xətlərin simfoniyası və məni gözləyən maraqlı kəşflərin gerçəkliyi hissi.
Qarşıda məni mehmanxana və xudmani nömrə gözləyir. Səhər günəşinin şüaları nəvazişlidir və insana rahatlıq gətirir, amma indi yuxum gəlmir. Ayaqlarımda krassovka ayaqqabılar, əynimdə idman kostyumu, telefonumda xəritə və naviqator gəlib çıxıram Bakıxanov küçəsi ilə İnşaatçılar prospektinin kəsişdiyi yerə, bir cənub şəhərinin səhərinin gözəlliyindən və harmoniyasından doyunca həzz alıram”.
Bakı haqqında təəssüratlarını bölüşməyə davam edən müəllif daha sonra yazır ki, bakılı kişilər tələsmədən hərəkət edirlər və özlərini böyük ləyaqətlə aparırlar. Amma bir yerə tələsəndə qaça-qaça elə gedirlər ki, sanki rəqs edirlər. Onların sürətli əl-qol hərəkətləri də çox nəcib və yaraşıqlı təsir bağışlayır, bir növ məşhur ləzginka rəqsini xatırladır.
Bakılı taksiçilər iki dəfə, bəzən isə üç dəfə siqnal edirlər. İnsanın həqiqi və ilahi mahiyyətini görüb duymaq istəyirsənsə, Bakı metrosuna düşməlisən. Növbətçi qadın eskalatorun yanında çaşıb qaldığınızı və məlumat almaq üçün ona doğru getdiyinizi görüb özü sizə yaxınlaşacaq, sualınıza böyük ləyaqət hissi ilə ətraflı cavab verəcək və sizə müvəffəqiyyət, xoş istirahət arzu edəcək”.
Müəllifin fikrincə, Neftçilər prospektindəki səs-küydən və vurnuxmadan yorulanlar üçün ən yaxşı sahilyanı zona Ağ şəhərdədir. Müəllif məsləhət görür: “Gəzinti üçün vaxtın maksimum on faizini İçərişəhərə ayırmaq kifayətdir. Lakin Qubernator bağına bir neçə dəfə getdim, çünki Qurban Səid Əli və Ninonun şəhərini mənə həmişəlik sevdirib”.
Səhər saat 6-da Bakının iki diqqətəlayiq cəhəti var. Birincisi, çalsaç bakılılardır. Kiminin başında “aerodrom” kepka var, kimi də kepkasızdır. Lakin fərqi yoxdur, hamısı əyninə təzəcə ütülənmiş köynək geyinib və Bakıxanov küçəsi boyunca, eləcə də Elmlər Akademiyasının qarşısındakı bağda düzülmüş skamyalarda oturublar. İkinci diqqətəlayiq cəhət isə xadimələrdir. Sizi inandırım ki, onların saç kimi hörülmüş süpürgələrini heç yerdə görməmişəm. Həm skamyalarda oturub dincələnlər, həm də xadimələr məni çox diqqətlə süzürlər, italyan həyətlərə boylananda nə axtardığımı soruşurlar, yaxşı yol arzulayırlar.
Ümumiyyətlə Bakıda hamını çox diqqətlə süzürlər, lakin bu baxışlar adama xoş təsir bağışlayır”.
İrina Qolovina sonda yazır: “Mən çoxdandır ki ruhən və qəlbən qafqazlıyam. Bakıda, dar-dolambac küçələrdə, məsələn, Akaki Sereteli və Şeyx Şamil küçələrində, Bakıxanov küçəsində və İnşaatçılar prospektində, habelə Kubinkada özümü çox yaxşı hiss edirəm. Bakı, xüsusən onun xalq arasında “Sovetski” adlanan hissəsi addımbaşı mənə Tbilisini xatırladır. Tbilisidə olduğu kimi, Bakıda da xoşbəxtəm, çünki mən evimdəyəm, Qafqazdayam”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Turizm 2019-01-18 18:13:00