×
A
A
A
Sazlamalar

20 Yanvarda ermənilər dinc əhaliyə divan tutulmasında xüsusi qəddarlıqları ilə seçilirdilər

Bakı, 18 yanvar, AZƏRTAC 

Yanvarın 18-də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda keçirilən elmi şuranın geniş tərkibli iclası 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım tədbirini açan institutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirib ki, XX əsrin 80-ci illərində başlamış milli azadlıq hərəkatının yeni mərhələsi ölməkdə olan sovet imperiyasının hakim qüvvələrini qorxuya saldı. Azərbaycan xalqının müstəqillik tələblərini, milli azadlıq hərəkatının qarşısını almaq üçün imperiya qüvvələri qanlı repressiya vasitələrinə əl atdılar. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi qüvvələri ağır texnikanın müşayiəti ilə heç bir səbəb olmadan Bakıya yeridildi. Şəhərə hücum etmiş sovet ordusu sıralarında olan ermənilər dinc əhaliyə divan tutulmasında xüsusi qəddarlıqları ilə seçilirdilər. 20 Yanvar xalqımızın faciəsi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının şücaətini, azadlıq yolunda fədakarlığını bütün dünyaya nümayiş etdirmiş növbəti qəhrəmanlıq səhifəsi idi”, – deyə M.Rəhimova vurğulayıb.
Qanlı Yanvar hadisələri ilə bağlı xatirələrini danışan akademik Teymur Bünyadov vurğulayıb ki, Azərbaycan xalqının minilliklər tarixində 20 Yanvar xüsusi yer tutur.
Tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov qeyd edib ki, Bakıya yeridilən sovet hərbi hissələrinə SSRİ müdafiə nazirinin özü başçılıq etmişdi. Hərbi əməliyyatın əsas məqsədi Azərbaycan xalqının iradəsini qırmaq idi. Amma imperiya bu məqsədinə nail olmadı və əksinə, sonrakı hadisələr xalqımızın azadlıq uğrunda, torpaqları uğrunda mübarizəsinin daha da vüsətləndiyini göstərdi.
AMEA-nın müxbir üzvü Vəli Əliyev çıxışında Azərbaycan xalqının öz torpaqlarını işğalçılardan tezliklə azad edəcəyinə əminliyini bildirib.
Tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov Qanlı Yanvar hadisələrinin siyasi tarixi köklərindən söz açıb.
Gənc elmi əməkdaş Afiq Abdullayev bildirib ki, Azərbaycan xalqı bütün dünyaya öz qədimliyini və bu yerlərin sahibi olmasını öz elmi ilə sübut edə bilər. Alimlərimizin bu istiqamətdə araşdırmaları şəhidlərimizin canlarından keçdiyi böyük amalın gerçəkləşməsinə sonsuz töhfədir.

Elm və təhsil 2019-01-18 17:49:00