×
A
A
A
Sazlamalar

Müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi

Bakı, 18 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzi Kitabxana Sisteminin 6 saylı filialı Badamdar qəsəbə Mədəniyyət evi ilə birgə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi” adlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə 236 və 239 nömrəli tam orta məktəblərin şagird və müəllim kollektivi iştirak edib.
Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc sakinlərə divan tutdu, günahsız insanlar gülləbaran edildi, yüzlərlə insan yaralandı. 20 Yanvar gecəsi baş verənlər qürur və iftixar yerimizdir. Çünki o dəhşətli gecə milli düşüncəmizdə dəyişikliyə səbəb oldu, xalqımız bir amal ətrafında sıx birləşdi. Azərbaycan xalqı azadlığımızın memarlarının əziz xatirəsini heç zaman unutmayacaq.
Sonra məktəb şagirdləri şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Sonda 20 Yanvar gecəsində baş verən hadisələri özündə əks etdirən videoçarx təqdim edilib.

20 yanvar 2019-01-18 17:41:00