×
A
A
A
Sazlamalar

Akademik Gövhər Baxşəliyeva: Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar

Bakı, 18 yanvar, AZƏRTAC 

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı faciədə şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xatirəsi anılıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, qanlı faciənin 29-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu söyləyib.
G.Baxşəliyeva deyib: “Həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxdı. Böyük imperiyanın hərbi maşını Azərbaycana hücum etmişdi. Ağır hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxmaq fədailik idi. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar”.
İnstitutun direktoru ölkənin hərtərəfli blokadaya alındığı bir zamanda ümummilli lider Heydər Əliyevin Moskvada, başda Mixail Qorbaçov olmaqla sovet rəhbərliyini tənqid edən bəyanat verməsini və Azərbaycan xalqının səsini bütün dünyaya çatdırmasını xatırladıb.
Tədbirdə çıxış edənlər bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və 20 Yanvar faciəsini törədənlərə öz dərin nifrətini bildirdiyini söyləyiblər.

Elm və təhsil 2019-01-18 17:16:00