×
A
A
A
Sazlamalar

Tarixləşən yaddaşımız

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Muzey Mərkəzində İstiqlal Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin birgə təşkilatçılığı ilə “Tarixləşən yaddaşımız” adlı tədbir–sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan 20 Yanvar faciəsini əks etdirən 30-dək fotoşəkil və Gənclərin Respublika bədii yaradıcılıq evi şagirdlərinin 40-dək əl işi nümayiş olunub.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə gənc musiqiçilərin ifasında “20 Yanvar şəhidlərinin xatirəsinə ithaf” konsert proqramı, həmçinin bədii yaradıcılıq evinin dərnək üzvlərinin hazırladığı bədii hissə və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən videoçarx və sənədli film nümayiş etdirilib.
Tədbirdə Milli Məclisin deputatı Hikmət Babaoğlu, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Vaqif Abışov, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bibisi Almaz Ülvi Binnətova, 20 Yanvar şəhidi Yusif Sadıqov bacısı Səyalı Sadıqova 20 Yanvar hadisələri haqqında danışaraq milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu söyləyiblər. Natiqlər 20 Yanvar hadisələrinin təkcə faciə olmadığını, həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildiriblər.

Mədəniyyət 2019-01-18 16:37:00