×
A
A
A
Sazlamalar

Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlər Lionda yaşayan azərbaycanlıları birləşdirir

Lion, 18 yanvar, AZƏRTAC
Lionda Azərbaycan mədəniyyəti ilə bağlı çoxsaylı tədbirlərin təşkil olunmasın istərdik. Belə tədbirlər azərbaycanlıları da bir araya gətirir. Bu axşam muğam konserti möhtəşəm oldu. Bu konsert fransızlar üçün mənəvi istirahət idisə, biz azərbaycanlılar üçün həm mənəvi qida, həm də konsert müddətində doğma ölkəmizə virtual səyahət oldu. Konsert vaxtı özümüzü ölkəmizdə hiss etdik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Lion Emlyon Business School menecment ali məktəbində çalışan Azərbaycan mənşəli fransız Xatirə Tanrıverdiyeva-Odin Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş muğam konsertindən sonra söyləyib.
O, Azərbaycan qadınlarına seçib-seçilmə hüququnun 100 illiyinin Lionda qeyd edilməsinin çox gözəl ideya olduğunu vurğulayıb. İdeyanın müəllifinə təşəkkür edib. “Ümumiyyətlə, Azərbaycan tarixinin və mədəniyyətinin xaricdə daha yaxından tanıdılmasına böyük ehtiyac var. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük töhfələrini xatırlatmaq istərdim. Fürsətdən istifadə edib Heydər Əliyev Fonduna təşəkkür edirəm. Fond mədəniyyətimizin təşviqi istiqamətində böyük layihələr həyata keçirir.
Muğam triosunun ifası əsrarəngiz idi. Bu musiqiyə məhəbbət azərbaycanlıların qanındadır. Amma fransızların bu musiqini diqqət və dərin hörmətlə dinləməsini görməkdən böyük məmnunluq duydum. Tədbirin təşkilatçılarına dərin təşəkkürümü bildirirəm”-deyə X. Odin bildirib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lion

Mədəniyyət 2019-01-18 16:04:00