×
A
A
A
Sazlamalar

Azərbaycan gəncləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar

Bakı, 18 yanvar, Həsrət Mahmudova, AZƏRTAC

Yanvarın 18-də Bakı Konqres Mərkəzində “20 Yanvar - müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikası Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov çıxış edərək bildirib ki, xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 29 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Tarix elmlər doktoru, professor Kərim Şükürov çıxış edərək 1990-cı il yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Kərim Şükürov bildirib ki, 20 Yanvar qırğınından dərhal sonra xalqının səsinə səs verən ümummilli lider Heydər Əliyev özünün və ailəsinin həyatının təhlükədə olmasına baxmayaraq, 1990-cı ilin yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Konfransda 1990-cı ildə “Şirvan 2” gəmisinin baş köməkçisi olmuş Ağalar İbrahimov və “Komsomolun 40 illiyi” gəmisinin kapitanı vəzifəsində xidmət etmiş Kərəm Məmmədov yanvarın 20-də sovet hərbi gəmilərinin hərəkətinə yol verməmək üçün iri və xırda gəmilərin Bakı buxtasına gedən yolu kəsdiklərini diqqətə çatdırıblar. Bildirilib ki, bütün xəbərdarlıqlara və hədələrə baxmayaraq, gəmi kapitanları geri çəkilmədilər. Onlar həyəcan siqnalı verməklə qanlı qırğını dünyaya car çəkdilər. Həyəcan siqnalı sayəsində dünyanın bir çox ölkəsinin dənizçiləri bu hadisədən xəbər tutdular. Sovet hərbçiləri yanvarın 19-dan 20-nə keçən gecə öldürülən insanları gəmilərlə aparmaq istəsə də, azərbaycanlı gəmi kapitanları buna imkan vermədilər. Buna görə həbs edilənlər də oldu. Amma bu, Azərbaycan dənizçilərinin əzmini, məğrurluğunu qıra bilmədi. Onlar günahsız insanları qətlə yetirən cinayətkarların öz istəklərinə çatmalarına imkan vermədilər.
Çıxışlardan sonra “Azadlıq carçıları” filmi nümayiş etdirilib.

 

20 yanvar 2019-01-18 15:43:00