×
A
A
A
Sazlamalar

Bilik yarışının ikinci mərhələsi keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC
Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışının ikinci mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir.
Yarışda BŞTİ-nin tabeliyindəki 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”, “Zəfər”, “Bilik”, “İntellekt” və “Lider” komandaları iştirak edib.
Bilik yarışının 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş ikinci mərhələsində komandalar Azərbaycan dili, fizika, kimya fənləri və ümumi dünyagörüşü üzrə biliklərini sınaqdan keçiriblər. Mərhələnin sonunda 113 nömrəli tam orta məktəbin “Bilik” komandası 9 xal toplayaraq digər komandalardan üstün olub. Birinci və ikinci mərhələnin nəticələrinə əsasən, “Bilik” komandası 20 xalla rəqib komandalardan öndədir.
Qeyd edək ki, “Gənc istedadlar” breyn-rinq bilik yarışının hər ay keçirilməsi planlaşdırılır. Yarışın bütün mərhələləri üzrə komandaların aylıq topladığı xallar hesablandıqdan sonra qalib məktəb seçiləcək.

Elm və təhsil 2019-01-18 15:31:00